Son vaxtlar bütün dünyada etimadını itirən «Boeing 737» təyyarələrini onlardan daha ucuz Çin təyyarələri əvəz edə bilər. FED.az xəbər verir ki, Çin artıq özünün C919 modelinin sınaqlarını aktivləşdirib. «Boeing 737» və «Airbus 320»yə rəqib olacaq yeni təyyarə 2021-ci ildə satışa çıxarılacaq. Hələ sertifikat almasa da, bu təyyarəyə tələbat artıq indidən his olunmaqdadır. Yeni təyyarəni almaq üçün 28 alıcı tərəfindən artıq 815 ədədlik sifariş var.
Çində «C919» təyyarəsinə böyük ümidlər bağlayırlar, ekspertlər bildirir ki, Çin hökuməti bu modelin köməyi ilə «Airbus» və «Boeing»dən asılılığını aradan qaldırmaq istəyir. Çin təyyarəsi xarici alıcılar üçün də əlverişlidir. «Airbus320» və «Boeing 737» 70-120 milyon dollara satıldığı halda, Çin modelinin qiyməti 50 milyon dolar ətrafındadır.
«S919»modelini «COMAC» şirkəti istehsal edir, ilk təyyarə 2015-ci ildə istehsal edilib, ilk uçuş isə 2017-ci ilin mayında baş tutub.
Çin şirkəti elan edib ki, «S919» etibarlı və rahat, eyni zamanda ucuz təyyarə olacaq.
Eləcə də bax: Səudiyyə Ərəbistanının "loukoster"i Bakıya - BİRBAŞA UÇUŞLARA BAŞLAYACAQ
Təyyarənin istehsalında ABŞ şirkətləri də iştirak edir. Kommunikasiya, naviqasiya və nəzarət sistemlərini ABŞ-ın «Rockwell Collins» şirkəti, «LEAP-1C» mühərrikini isə ABŞ-ın «General Electric» və Fransanın «Safran» şirkətlərinin yaratdığı birgə müəssisə istehsal edir.
«S919»in uçuş məsafəsi «Airbus320» və «Boeing 737» ilə müqayisədə az olsa da, əvəzində onun sürəti daha yüksək, yanacaq sərfi isə daha aşağıdır. İlk kommersiya uçuşları 2021-ci ildən başlayacaq.
Qeyd edək ki, Çin – dünyanın ən sürətli inkişaf edən aviadaşımalar bazarıdır. «Boeing»in proqnozlarına görə, qarşıdakı 20 ildə Çinə 7,24 min yeni təyyarə lazım olacaq. Bunların alınmasına 1,1 trilyon dollar xərclənəcək.
Çin «Boeing»in büdrəməsindən istifadə edir – İKİQAT UCUZ TƏYYARƏ BURAXIR
09:44
27 Mart 2019