“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub.
FED.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təçkil olunan media-turda “Kartaş Kimya” MMC-nin direktoru Nəcməddin Taşbak deyib.
Nəcməddin Taşbağ bildirib ki, zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.
Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib. (Apa)