Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün hasilatı proqnozunu açıqlayıb.
Eləcə də bax: Azərbaycanın qızıl hasilatçısı şirkəti ötən ildə mənfəətini - 20%-dək Artırıb
FED.az xəbər verir ki, şirkətin yaydığı hesabata görə, 2021-ci ildə şirkət yalnız mövcud mədənlərindən həyata keçirdiyi hasilatın hesabatını verəcək.
Bildirilir ki, şirkət tərəfindən hasilatın əsasən 2020-ci ildə “Uğur” mədən yatağının tükənməsi səbəbindən azalacağı proqnozlaşdırılır: “Bu səbəbdən şirkət 2021-ci il üçün 64-72 min unsiya həcmləri arasında qızıl ekvivalenti istehsal hədəfini təyin edib. Bura 54 000 unsiyaya qədər qızıl və 2 500-2 800 ton arasında mis hasilatı həcmləri daxildir.
Şirkət hesab edir ki, davam etdirilən kəşfiyyat proqramının və digər təşəbbüslərin yaxın illərdə hasilatın artmasına səbəb olacaq.
Bildirilir ki, 2021-ci il üçün bu proqnoza bərpa edilmiş müqavilə sahələrindən hasilat daxil deyil. Hazırda vəziyyət aydın olmasa da, şirkət “Vejnəli” yatağında az miqdarda da olsa filiz hasilatının həyata keçirilməsi üçün potensial mövcuddur.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. (Report)