Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2021-ci illə müqayisədə 2022-ci ildə qiymətli metal hasilatını 10,8% - 57,618 min unsiya qızıl ekvivalentinə qədər azaldıb.
FED.az xəbər verir ki, 2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib.
Hesabat dövründə “Gədəbəy” yatağından 40,01 min unsiya qızıl (azalma 13,4%) və 26,963 min unsiya gümüş (artım 24%) hasil edilib.
“2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. 2021-ci ildə isə hər unsiya üçün orta satış qiyməti $1,799 min təşkil edib”, - deyə məlumatda bildirilir.
2022-ci ildə şirkət 13,301 min ton mis konsentratı (artım 2%) istehsal edib. Bu həcmin $22,24 milyon məbləğində (azalma 6,2%) 12,443 min tonu (artım 11,6%) dünya bazarlarında satılıb.
2022-ci il dekabrın 31-nə “Anglo Asian Mining”in sərbəst pul vəsaitlərinin həcmi $20,3 milyon təşkil edib. IV rübdə şirkət 2022-ci il üzrə $4,6 milyon məbləğində aralıq dividend ödəyib, eləcə də “Zəfər” yatağında yeraltı mədən işləri parkına görə $0,5 milyon məbləğində ilkin ödəniş həyata keçirib.
“2022-ci il dekabrın 31-nə şirkət bazar qiyməti ilə $3,6 milyon məbləğində qiymətli metala malik olub, bunun $2,5 milyonu qızıl və gümüş külçələrin, $1,1 milyonu mis konsentratının payına düşüb”, - deyə məlumatda vurğulanır.
“Bu, “Anglo Asian” üçün mühüm il oldu. Biz Azərbaycandakı bir sıra aktivlərdə (“Zəfər”, “Gilar” və “Xarxar”) əhəmiyyətli irəliləyişə nail olduq ki, bu da yaxın gələcəkdə istehsalın təmin edilməsində həlledici rol oynayacaq. Bundan başqa, flotasiya qurğumuzun genişləndirilməsi əməliyyat çevikliyini də təmin edəcək, çünki biz ortamüddətli perspektivdə istehsalı artırmağı planlaşdırırıq”, - deyə şirkətin baş direktoru Reza Vəziri bildirib.
O, həmçinin xatırladıb ki, şirkət AAM-ın orta səviyyəli mədən şirkətinə çevrilməsi strategiyası üzərində işi davam etdirir. Bu proses 2021-ci ildə Azərbaycanda üç əlavə müqavilə sahəsi əldə edildikdən sonra başlayıb.
“Strategiya mis hasilatına və qlobal dekarbonizasiya proqramından faydalanmaq məqsədilə öz istehsalını sürətləndirməyə istiqamətlənmiş orta səviyyəli mədən şirkətinə çevrilməyi nəzərdə tutur. Strategiyanın hazırlanması başa çatmaq üzrədir və mən 2023-cü ilin birinci rübündə bazara bu barədə məlumat verməyi səbirsizliklə gözləyirəm”, - deyə baş direktor əlavə edib.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. (İnterfaks-Azərbaycan)