Azərbaycanın iri neft qaz layihələrinin operatoru olan BP Azərbaycan və onun «Əsrin müqaviləsi» və «Şahdəniz» layihələrindəki tərəfdaşları 2018-ci ildə Azərbaycandakı sosial layihələrə 3 milyon dollar xərcləyiblər.
FED.az xəbər verir ki, bu barədə BP Azərbaycanın 2018-ci ilin yekunları ilə bağlı hesabatında bildirilir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2018-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3 milyon dollar xərcləmişlər.
Eləcə də bax: «Şahdəniz» layihəsində vəziyyət nə yerdədir? - RƏQƏMLƏR AÇIQLANDI
Həmin layihələrin bəziləri bunlardır:
• BP və tərəfdaşlarının “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramı 2018-ci ildə uğurla başa çatdı. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tuturdu. Layihədə iştirak üçün seçilmiş 86 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artırmış, həmçinin psixoloji məsləhətlər vasitəsilə öz qabiliyyətlərinə inam hissini gücləndirmişlər.
• BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2018-ci ildə 41 şirkət bu proqramı tam başa vurmuş, əlavə 16 şirkət isə ilkin qiymətləndirmədən keçmişdir.
• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanır. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilir.
• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 91%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə hazırda 3-cü fazaya keçib.
• BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından) 2016-cı ildən boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların bacarıq və bilgilərinin artırılmasına yönəlmiş bir layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir. 2018-ci ilin dekabr ayında bu layihə öz 3-cü fazasına daxil olmuşdur və əvvəlki mərhələlərdə ixtisaslaşmış 22 müəllimin iştirakıyla 11 bölgənin (Ağstafa, Samux, Şəmkir, Goranboy, Tovuz, Kürdəmir, Hacıqabul, Qaradağ, Yevlax, Ucar, Ağdaş) 330-adək icma nümayəndəsini əhatə edir.
• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmiş, Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün ingilis dili laboratoriyası yaradılmış və onlara ingilis dili üzrə təlimlər keçilmişdir. Bu layihə 2018-ci ilin sonunda uğurla başa çatdı.
• BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır. Hazırda layihənin 3-cü fazası həyata keçirilir. Bu mərhələdə 10 rayonda məktəbəqədər xidmətin yaradılması, 12 rayonda erkən müdaxilə xidmətlərinin və üç rayonda məktəbəqədər xidmətin gücləndirilməsi işləri davam edir.
• BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında inkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. 2017-ci ilin dekabr ayında “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayondan – Ağstafa və Tovuz, seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsi çərçivəsində arıçılığın inkişafı məqsədilə 60000 nektar ağacı da əkiləcək.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı yeni bir ətraf mühit layihəsini dəstəkləyir. Layihə çərçivəsində yaşayış sahələrində təmizləmə və abadlaşma işləri aparmaqla idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyətlərin salınması planlaşdırılır.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Xəzər sahilyanı dövlətləri arasında informasiya bölüşümünü təmin etmək və Xəzər höfzəsinin ətraf mühitinin qorunması üzrə məlumat bazasının yaradılması sahəsində əməkdaşlığın yaxşılaşdırılmasına kömək məqsədli Xəzər Ətraf Mühit üzrə Məlumat Mərkəzinin yaradılmasını dəstəkləmişdir. Bu məqsədlə ətraf mühit üzrə məlumatın yığılmasını, ətraf mühit məsələlərinin idarə olunması üzrə ən yaxşı təcrübələrin bölüşülməsini, ətraf mühit üzrə daim yenilənmiş regional məlumata geniş çıxışı, əsas maraqlı tərəflər ilə şəffaflığı və əlaqələri təmin etmək və ətraf mühit üzrə regional fəaliyyətlərdə ictimaiyyətin iştirakını həvəsləndirmək üçün onlayn portal yaradılmışdır.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) yerli icmalarda infrastrukturun vəziyyətini yaxşılaşdırmaq məqsədli layihələr də həyata keçirir. 2018-ci ildə Şəmkir, Tovuz və Qaradağ rayonlarında üç uşaq bağçası təmir edilmiş və onlardan ikisi (Şəmkir və Tovuzdakı bağçalar) yeni mebellə də təmin edilmişdir.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 11 rayon və iki şəhərdə - Sumqayıt və Gəncə - tuberkulyoz protokollarının tətbiq olunması məqsədi daşıyan bir-illik bir layihəni maliyyələşdirmişdir. Layihə çərçivəsində 863 səhiyyə işçisi (həkim və tibb bacıları) üçün 41 təlim sessiyyası təşkil olunmuşdur.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) autizm pozuntuları olan şəxslərin müalicəsi sahəsinə beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalardan birini gətirmək məqsədilə 2018-ci ilin noyabr ayında yeni bir layihəyə başlamışdır. Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasına yardım etmək, onları əsas təhsil sahələrinə yönəltmək, ixtisas və peşələr üzrə iş mühitinə cəlb etmək və ailə həyatına hazırlamaq məqsədləri daşıyır.
• BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Samux, Yevlax və Ucar rayonlarında 10 kəndin hər birində 10 fermer qrupuna öz fermer təsərrüfatlarını genişləndirmək və ümumi gəlirlərini artırmaq məqsədli layihə hıyata keçirmişdir. Layihə çərçivəsində fermer qruplarına təlimlər keçirilmiş və avadanlıq paylanmışdır. 100 fermerin hər biri istixana təsərrüfatı, arıçılıq, çiyələk bitkisinin yetişdirilməsi və heyvandarlıqda müqayisəli yemləmə sahələrində təlimlərdən faydalanmışdır. “Firavan” adlı bu layihə 2018-ci ilin avqust ayında başa çatmışdır.
BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2018-ci ildə kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi layihənin 2-ci mərhələsini maliyyələşdirmişdir. Layihənin birinci mərhələsində 3-ü bitkiçilik, 5-i meyvə və tərəvəz, 4-ü isə aqroservis sahəsində olmaqla 12 yeni ixtisas üzrə təlim modulu yaradılmışdı. Layihə çərçivəsində həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da həyata keçirilmişdir. 2-ci mərhələdə isə meyvə və tərəvəz sahəsindəki peşələr üzrə əlavə 7 təlim modulu hazırlanmış, kitabların müəllifləri tərəfindən Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili məktəblərinin tələbə, müəllim və ustalarına həmin sahələrdə təlimlər keçilmişdir. Bundan əlavə, bir qrup kənd təsərrüfatı mütəxəssisi və peşə təhsili məktəbi müəllimləri üçün ümümi ixtisasartırma və modullar üzrə təlim metodologiyası üzrə dərslər də keçilmişdir.
«Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək»-deyə BP-nin açıqlamasında deyilir.