Bu gün Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı işə başlayıb.
FED.az xəbər verir ki, konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və s. mövzular müzakirə olunur.
Konfransın açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR və "Argus" arasında tədbir və konfransların təşkili ilə bağlı müsbət təcrübə yaranıb: "Bu əməkdaşlıq hər iki tərəf üçün mühüm önəm daşıyır. Yalnız Azərbaycanın deyil həm də bütün regionun iqtisadi inkişafında ciddi təsir imkanlarına malik olan SOCAR Agrus üçün Argus isə analitik materialları ilə SOCAR üçün effektiv məlumat mənbəyi funksiyasını yerinə yetirir. SOCAR gübrə istehsalına başlamazdan əvvəl potensial satış bazarlarını araşdırıb. Biz həm də bu sahədə yeni aktyorların bazara çıxışını əvvəlcədən nəzərə almışıq. Bununla belə ölkəmizdə belə konfransın indi -SOCAR Karbamid layihəsi tamamlandıqdan sonra keçirilməsi düzgün və məntiqi addımdır. İnanıram ki, konfrans gələcək satış və yeni bazarlarla bağlı əsas strateji sektorların müəyyənləşməsinə, ehtiyac olarsa bəzi məsələlərin yenidən baxılmasına kömək edəcək.Ümid edirəm ki,Argus ilə birlikdə keçirilən bu konfrans regionda mövcud və yeni tərəfdaşlarla əməkdaşlığın inkişafına, Xəzər və Qara dənizdə mineral gübrələr bazarının formalaşmasına öz töhfəsini verəcək".
Qeyd edək ki, sabah SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək.
“Argus Media” aparıcı müstəqil qiymət agentliyidir. Şirkət kotirovkaları hesablayır və beynəlxalq əmtəə-xammal bazarının təhlilini aparır, həmçinin müştərilərinə ixtisalşamış konsaltinq xidmətləri təklif edir və sahə tematikası üzrə konfranslar təşkil edir. Dünyanın 140 ölkəsində şirkətlər fiziki tədarükün sövdələşmə dəyərini hesablamaq üçün, habelə istehsal maliyyə alətləri bazarında etalon qiymət qismində və həmçinin bazarın təhlili və strateji planlama məqsədilə Argus kotirovkasından istifadə edirlər.