“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar-noyabr aylarında 1,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: Azərbaycanda bu günə qədər - 7 Min Ton Tütün Yığılıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln ABŞ dolları və yaxud 41,7 % azdır.
Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində “Azərtütün ASK” xarici ölkələrə 2,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “Azərtütün ASK” MMC Azərbaycan Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1 704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülüb və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlayıb.
“Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir. (Report)