“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla görüşüb.
FED.az xəbər verir ki, görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər barədə müzakirələr aparılıb, ötən ay icra edilmiş qarşılıqlı fəaliyyət planı təhlil edilib. Həmçinin mentor tərəfindən karyera planlaması, əsas səmərəlilik göstəricilərin təyin edilməsi metodları, işçilərin qiymətləndirilməsi və idarəetmədəki roluna dair suallar cavablandırılıb, şəxsi səmərəlilik və özünü inkişafa dair bir sıra ədəbiyyat siyahısı tövsiyyə edilib, daha sonra fikir mübadiləsi aparılıb və növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.