“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları Almaniyada nümayişə çıxarılıb.
FED.az xəbər verir ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar Düsseldorf şəhərində təşkil edilən polo üzrə 14-cü Avropa Çempionatı çərçivəsində 9-10 sentyabr tarixlərində sərgilənib.
“AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları “Made in Azerbaijan” brendinin təşviqi, mədəniyyətimiz və incəsənətimizin təbliği məqsədilə təşkil edilən milli guşəni ziyarət edən Almaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası: Çələbi”, “Qobustan”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Atçılıq Federasiyası ilə əməkdaşlıq şəraitində ölkəmizdə idmanın atçılıq növünün inkişafı, populyarlığının artırılmasına öz töhfəsini verir. Bu mənada Səhmdar Cəmiyyətin dəstəyi ilə 14-cü Avropa Çempionatında iştirak edən yığma komandamız yarışlarda 2-ci yeri tutaraq, gümüş medallara layiq görülüb.
Xatırladaq ki, sosial məsuliyyət fəaliyyətinə xüsusi diqqət yetirən “AzerGold” QSC ölkəmizdə atçılıqla yanaşı, voleybol, alpinizm kimi idman növlərinin inkişafına dəstək olur. Həmçinin QSC hasilat və istehsalat fəaliyyəti göstərdiyi Daşkəsən rayonunda müxtəlif komanda idman növləri, o cümlədən minifutbol, voleybol və basketbol üçün müvafiq infrastrukturun yaradılması, bu idman növlərinin yeniyetmə və gənclər arasında kütləviliyinin artırılması istiqamətində uğurlu layihələr həyata keçirir.