“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşının müasir dağ-mədən geoloji informasiya sistemlərinin tətbiqi haqqında məqaləsi nüfuzlu “Micromine” portalında yayımlanıb.
FED.az xəbər verir ki, cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi İnformasiya Sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə QSC-nin fəaliyyətindəki fərqli xüsusiyyətlər, yataqların işlənməsinin və son məhsulların alınmasının bütün mərhələlərində innovativ texnologiyaların istifadə, bütün istehsal proseslərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilməsi barədə bəhs olunur. Qeyd olunur ki, QSC modelləşdirmə və dizayn üçün müasir proqram paketlərindən istifadə edir ki, bunlardan biri də Micromine Origin & Beyond dağ-mədən geoloji informasiya məlumat sistemidir. Bu sistem Cəmiyyətin Naxçıvan Muxtar Respublikasında yerləşən “Ortakənd” qızıl yatağında tətbiq olunur.
Məqalədə müəllif bildirir ki, sözügedən yataqda geoloji kəşfiyyat işləri bir neçə mərhələdə aparılmışdır. Birinci mərhələdə, SSRİ dövründə toplanmış məlumatlar (geoloji xəritə, nadir geoloji kəşfiyyat quyuları şəbəkəsi haqqında məlumatlar və s.), habelə yerüstü sınaq nəticələrin (984 nümunə) özündə cəmləşdirən arxiv (tarixi) məlumatlar rəqəmsallaşdırılıb.
Daha sonra bu məlumatlar Micromine Origin & Beyond sisteminə idxal edilərək, sözügedən proqram vasitəsilə 3D formatında vizuallaşdırılıb. Bu vizuallaşdırma tədqiq olunan sahə və daha öncə aparılan tədqiqatlar haqqında daha əyani bir fikir əldə etməyə imkan verir. Tarixi məlumatlar əsasında süxurlarda faydalı komponentlərin məkan paylanmasının nümunələrini əks etdirən geokimyəvi anomaliyaların xəritəsi hazırlanıb. Bütün məlumatların nəticələrinə əsasən geofiziki tədqiqatların, kəşfiyyat və s. işlərin aparılması zərurəti barədə qərar qəbul edilmişdir.
Şübhəsiz ki, yeni yataqlar, xüsusən də qızıl filizləri axtararkən geoloqların biliyi, təcrübəsi və zəhməti əsas rol oynayır. Bununla yanaşı, müasir informasiya texnologiyalarının tətbiqi daha tarazlı qərarlar qəbul etməyə və gələcək kəşfiyyat işlərini planlaşdırmağa imkan verir ki, məhz bu nüanslar nəzərə alınmaqla “AzerGold” QSC fəaliyyətində daim müasir texnologiyaların, beynəlxalq təcrübənin tətbiqini diqqətdə saxlayır.
Qeyd edək ki, yaxın bir neçə ildə “Ortakənd” qızıl yatağının işlənməsinə başlanılması planlaşdırılır. Hasilat açıq şəkildə aparılacaq ki, bu da kapital qoyuluşlarını minimuma endirəcək və layihə həcmlərinə çatma müddətini azaldacaqdır. “Ortakənd” yatağı bu regionda istismara veriləcək ilk qızıl yataqdır. Yatağın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək, eyni zamanda, şübhəsiz ki, regionun iqtisadiyyatına müsbət təsir göstərəcək.
Məlumat üçün bildirək ki, “Micromine Pty Ltd” 1986-cı ildə Avstraliyanın Pert şəhərində yaradılıb. Şirkət bütün istehsal dövrünü əhatə edən mədən sənayesi üçün proqram həllərinin hazırlanması və satışı üzrə dünya bazarının liderlərindən biridir. Şirkətin nümayəndəlikləri dünyanın 12 ölkəsində fəaliyyət göstərir.