“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QSC-dən FED.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.
“AzerGold” geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən Z.İbrahimov QSC-nin xarici şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, hasilat işlərinə cəmi bir mədəndən başlayan “AzerGold” bir neçə əlvan metal yatağının istismara hazırlanması istiqamətində fəal iş aparmaqla yanaşı, ötən ilin sonunda daha bir qızıl yatağının, “Ağyoxuş 1”in istismara verilməsinə nail olub. Üstəlik, fəaliyyətdə olan “Çovdar” Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan (“Ağyoxuş 2” “Ağyoxuş 3”, "Mərəh”, “Tülallar” və “Narçala” qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsinin yaradılması istiqamətində əməli addımlar atılıb. Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.
İdarə Heyətinin sədri bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.
Z.İbrahimov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı Qələbəsi nəticəsində azad edilən Qarabağ regionun dağ-mədən sektorunda əməkdaşlıq üçün yeni perspektivlər açdığını vurğulayıb.
Rəhbərlik etdiyi təşkilatın Pakistanda mülki və hərbi infrastruktur, kommunikasiya layihələrin icrası, eləcə də mədənçilik sahəsi üzrə ixtisaslaşdığını diqqətə çatdıran general-mayor Kamal Azfar müəssisənin müasir tələblərə cavab verən şirkətə çevrilməsi məqsədilə “AzerGold”un mədənçilik, xüsusilə qızıl yataqlarının istismarı sahəsindəki qabaqcıl təcrübəsindən yararlanmaq niyyətində olduqlarını, bu məqsədlə QSC-nin peşəkar mütəxəsislərindən ibarət heyət tərəfindən təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürüb.
İdarə Heyətinin sədri isə öz növbəsində, mədənçilik sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq “AzerGold”un beynəlxalq səviyyədə təlimlərin təşkili istiqamətində kifayət qədər təcrübəsinin olduğunu, dost və qardaş Pakistan dövlətinə hər zaman dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşün davamında təcrübə mübadiləsi və birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub. Tərəflər yaxın zamanda təcrübə mübadiləsinin həyata keçirilməsi üçün təlim planın hazırlanması ilə bağlı razılığa gəliblər.