“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
FED.az xəbər verir ki, Səhmdar Cəmiyyətin kollektivi əvvəlcə qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının tarixi-mədəni, ictimai-siyasi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda mübarizə aparan fədailərin həyat yolunu əks etdirən eksponatlar, foto və arxiv sənədləri ilə tanış olub, daha sonra Azərbaycan Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun incəsənət əsərlərindən ibarət sərgini ziyarət edib. Soyqırımının 30-cu ildönümünə ithaf olunmuş “Cinayətin cəzası” adlı sərgi barəsində iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə faciə qurbanlarının xatirəsi anılıb və xüsusi amansızlıqla törədilən Xocalı soyqırımının mahiyyəti və dəhşətli faktlardan söz açılıb. Bəşəriyyət tarixində insanlıq əleyhinə yönəlmiş ən qanlı cinayət əməllərindən hesab edilən Xocalı qətliamının əsl niyyətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirməklə torpaqlarımızı zorla ələ keçirmək olduğu vurğulanıb. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin, xüsusilə də Xocalı qurbanlarının qisasının döyüş meydanında böyük qəhrəmanlıqla alındığı qeyd edilib.
Tədbirin sonunda 1992-ci ildə baş vermiş qanlı hadisədən bəhs edən “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub.