Azərbaycanda faydalı yataqların işlənməsi üzrə əsas operator “AzerGold” şirkəti yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasında yeni mədənlər işə salmağa hazırlaşır.
FED.az xəbər verir ki, bu məsələ “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev arasında keçirilən görüşdə müzakirə olunub.
Sözügedən görüş Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirak ilə keçirilib.
Burada “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunmuş muxtar respublikada filiz, qeyri-filiz yataqlarının tədqiqi sahəsində görülən işlər və fəaliyyətin koordinasiyalı şəkildə davam etdirilməsi müzakirə edilib.
Görüşdə Naxçıvanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə üçün görülən işlər barədə məlumat verib. Qeyd edək ki, milli dağ-mədən sənayesinin dayanıqlı inkişafı yönündə səmərəli fəaliyyət həyata keçirən “AzerGold” QSC muxtar respublikada geoloji tədqiqatlar icra edir. Nazir əmin olduğunu bildirib ki, bu tədqiqatlar nəticəsində gələcəkdə mədən layihələri başlanacaq və bununla da bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr veriləcək.
Qeyd edilib ki, bu məqsədlə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC arasında həm tarixi-geoloji məlumatların, həm də yeni tədqiqat materiallarının mübadiləsi ümumi işə faydalı olacaq.
Öz növbəsində Zakir İbrahimov “AzerGold”un hasilat və istehsalat fəaliyyəti, eləcə də muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri barədə danışıb.
“AzerGold” rəhbəri xatırladıb ki, aktiv hasilat aparılan Daşkəsən və Göygöl rayonlarında şirkətin fəaliyyəti bölgədə iqtisadi aktivliyə təsir edir və məşğulluğun artırılmasında müsbət rol oynayır. Zakir İbrahimov hazırda Culfa rayonunda yerləşən “Göydağ” filiz sahəsinə aid “Ortakənd” qızıl, “Göydağ” mis-porfir və “Başkənd” mis sahələri, Ordubad rayonunda yerləşən “Nəsirvaz” qızıl təzahürü sahəsində aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.
Muxtar respublika ərazisində həm qurudan, həm də havadan həyata keçirilən tədqiqatlar barədə danışan Zakir İbrahimov burada mərhələli tətbiqinə başlanılan qeyri-invaziv hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik innovativ metodlardan bəhs edib.
“AzerGold”un rəhbəri bildirib ki, tədqiqat işlərinin yekunu olaraq yaxın gələcəkdə muxtar respublika ərazisində mədən layihələri istismara veriləcək. Bu öz növbəsində ölkə iqtisadiyyatı, xüsusilə Naxçıvanın sosial-iqtisadi inkişafı, bölgədə məşğulluq, əhalinin rifah halının gücləndirilməsinə əlavə töhfə verəcək, həmçinin aktiv hasilat sahələrinə yaxın yaşayış məntəqələrində sosialyönümlü proqramlar, ekoloji layihələr həyata keçiriləcək.
Görüş qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsi ilə davam edib, tərəflər muxtar respublikada dağ-mədən sənayesinin inkişaf etdirilməsi məqsədi ilə birgə səylərin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.