“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırıb.
Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə fəaliyyət 2023-cü ildə də davam etdirilib. Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başladılan bu proses işğal faktına son qoyulduqdan sonra daha geniş miqyas alıb. 2022-ci ildən “AzerGold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir.
Həmçinin “AzerGold” QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqatların aparılması planlaşdırılsa da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərinin icrası mümkün olub. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir.
Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq hiperspektral peyk çəkilişləri həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1624 km2 sahədə icra edilib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində Azərbaycan dövlətinin yürütdüyü siyasətə “AzerGold” dəstəyini göstərməyə davam edir.