Qarşıdakı illər ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün şərait yaradılıb.
“AzerGold”da müşavirə keçirilib
FED.az “AzerGold” QSC-yə istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, “AzerGold” QSC tərəfindən aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2022-ci il ərzində istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədar hasilat və ixracatda planlı azalmalar müşahidə edilsə də, gözlənildiyi kimi hesabat ilinin yekunlarının müsbət göstəricilərlə tamamlanmasına nail olunub: “ÇİRES-də istehsalatın sürətləndirilməsi və filizlərin tələb olunan ölçülərdə xırdalanmasını təmin edən qırıcı sahəsinin məhsuldarlığı artırılaraq, sahənin illik istehsal gücü artırılıb: “Nəticədə, ötən il hasilat göstəriciləri 62,1 min unsiya qızıl, 223,1 min unsiya gümüş olmaqla, qızıl hasilatı plandan 2 %, gümüş hasilatı isə 83 % daha artıq icra edilib”
2022-ci ilin satış əməliyyatlarına gəlincə, İdarə Heyətinin sədri bildirib ki, qızıl və gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63,3 min unsiya qızıl və 207,7 min unsiya gümüş olub. Bununla 2021-ci illə müqayisədə qızıl və gümüşün satış həcmlərində artıma nail olunub.
Z.İbrahimov ÇİRES-də istehsalat prosesinin davamlılığının təmin edilməsi məqsədilə intensiv geoloji kəşfiyyat işlərinin aparıldığını bildirib. O, Daşkəsən və Balakən rayonlarında, o cümlədən Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən sahələrdə aparılmış kəşfiyyat işləri və onun ilkin nəticələrinə dair ətraflı məlumat verib.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin geoloqları tərəfindən regionda kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, QSC-nin fəaliyyəti nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alınmış “Tülallar” qızıl yatağı hesabına ÇİRES-in satılabilən qızıl həcminin 179 min unsiya qızıldan 735 min unsiya qızıla çatdırılaraq, 4 dəfə artırılmasına nail olunduğunu qeyd edib.
İdarə Heyətinin sədri “AzerGold”un hazırda ən böyük istehsalat layihəsi olan ÇİRES-də sulfid, yuxarı dərəcəli oksid və tranzit filizlərinin çən aşındırma (“Carbon in Leach” – CIL) üsulu ilə emalının təşkili məqsədilə müvafiq infrastrukturun yaradılması işlərinin sürətlə davam etdirildiyini qeyd edib.