“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb.
FED.az xəbər verir ki, layihə QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda qeydiyyatda olan 10-cu sinif şagirdlərini dağ-mədən sahələri, o cümlədən metallurgiya, dağ-mədən mühəndisliyi, geologiya üzrə ali təhsil müəssisələrinə hazırlıq kurslarına cəlb etməklə, onların bakalavriat səviyyəsinə qəbuluna dəstək göstərmək, şirkətin peşəkar kadr ehtiyacının hasilat bölgələrində yaşayan sakinlərin hesabına ödənilməsi, bununla bölgədə məşğulluğun artırılması, gənclərin savadlı mütəxəssis olaraq yetişməsinə töhfə vermək məqsədi daşıyır.
Bu məqsədlə Daşkəsən rayonunun 1, 2, 3, 4 saylı, eləcə də Quşçu və Bayan kənd orta məktəblərində təhsil alan şagirdlər və onların valideynləri ilə görüş keçirilib. Məktəblilərə layihə barədə ətraflı məlumat verilib, istedadlı və təşəbbüskar şagirdlərin ali təhsil müəssisələrinə hazırlaşması, gələcəkdə dağ-mədən sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişməsi üçün şərait yaradılacağı diqqətə çatdırılıb.
Daha sonra layihədə iştirak etmək istəyən şagirdlər tələb olunan ixtisaslar üzrə test imtahanı və inşa yazısı müsabiqəsinə cəlb ediliblər.
Növbəti mərhələdə imtahan və inşa yazısından daha məqbul qiymətlər alan 10 nəfərədək şagird ali məktəblərə hazırlıq kurslarına cəlb ediləcək, onların hər biri üçün 20 aylıq hazırlıq haqqı ödəniləcək.
Xatırladaq ki, “AzerGold” QSC təhsil sahəsində “Gələcəyin mədənçisi” müsabiqəsi ilə yanaşı, 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün “Təqaüd proqramı” müsabiqələri təşkil edir. “Təqaüd proqramı” müsabiqələrində müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 18 nəfər, peşə təhsili müəssisələrində isə təhsil alan 27 nəfər tələbəyə təqaüd verilib. Proqram çərçivəsində 2 nəfər ali təhsil müəssisələrində, 4 nəfər peşə təhsili müəssisəsində təhsil alan tələbə “AzerGold” QSC-də işə qəbul edilib.
Bundan başqa, 2022-ci ildə 15 Sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayonu, Səlmixan İsgəndərov adına Quşçu qəsəbə tam orta məktəbi üçün yeni modul tipli bina inşa edilərək, məktəbin müəllim-şagird heyətinin istifadəsinə verilib. Həmçinin QSC tərəfindən “Çovdar” qızıl mədəni yaxınlığında yerləşən ucqar kənd məktəblərinin şagirdlərinin zəruri dərs ləvazimatları, İT avadanlıqları, internet şəbəkəsi ilə təminatı diqqətdə saxlanılır.
Qeyd edək ki, “AzerGold” QSC ümumilikdə ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgənin iqtisadi inkişafına töhfələr verməklə bərabər həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial tədbirlər icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri QSC tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi, idman və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.