“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Mükafat Səhmdar Cəmiyyətə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə təqdim edilib.
ASC-dən FED.az-a verilən məlumata görə, Təşəkkürnaməni Cəmiyyətin adından İdarə Heyətinin üzvü - sədrin müşaviri Orxan Novruzov qəbul edib.
“AzerGold” QSC iş yerlərində əməkdaşların sağlamlığının qorunması və əməyin təhlükəsizliyi sahəsində sistemli fəaliyyət həyata keçirir. Ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq istehsalat prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə müəssisədə işçilər, həmçinin podratçı və subpodratçılar üçün təhlükəsiz iş şəraiti yaradılıb və tətbiq edilən qaydalara əməl edilməsinə xüsusi nəzarət olunur. Cəmiyyətin fəaliyyətə başladığı 5 ilə yaxın bir müddətdə xəsarətsiz ötüşən iş saatlarının 2 milyon saatı ötməsi fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi, habelə digər əlaqəli sahələr üzrə əldə edilmiş uğurlardan biridir.
Xatırladaq ki, 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i "Ümumdünya Əməyin Mühafizəsi Günü" kimi təsis olunub. Bu günün hər il qlobal miqyasda qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.