Azərbaycanın məşhur qızıl-gümüş yatağı Daşkəsən rayonunda yerləşən «Çovdar»da qızıl ehtiyatlarının daha çox olduğu məlum olub.
Eləcə də bax: Azərbaycan şirkəti 20,7 milyon manatlıq - QIZIL VƏ GÜMÜŞ SATIB
FED.az xəbər verir ki, bu, yatağın işlənməsi ilə məşğul olan “AzerGold” QSC-nin apardğı işlərdən sonra dəqiqləşib. Yataqda aparılan kəşfiyyat işləri nəticəsində məlum olub ki, ehtiyatar əvvəl güman edildiyindən 47% artıqdır.
Eləcə də bax: Azərbaycan şirkəti 20,7 milyon manatlıq - QIZIL VƏ GÜMÜŞ SATIB
Belə ki, əvvəlki kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsində qızıl hasil edilir.
Yatağın dərin qatlarında isə filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılıb, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənmişdir. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.
Qeyd edək ki, ortada yaranan fərq – 534 min unsiyanın bazar qiyməti təqribən 910 milyon dollar təşkil edir.
Qeyd edək ki, Çovdar yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.