“AzerBlast” MMC (“AzerGold” QSC-nin törəmə cəmiyyəti) 2022-ci ilin sentyabrında Gəncədə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı zavodunu istismara verməyi planlaşdırır.
Eləcə də bax: “AzerGold” 5 ildə qızıl və gümüş satışından 755 mln manatdan çox vəsait - CƏLB EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün mətbuat konfransında deyib.
“Zavodda 32 min ton sənaye əhəmiyyətli partlayıcı maddə istehsal olunacaq. İstehsal həcmi daxili istehlakdan asılı olaraq dəyişə bilər”, - deyə o bildirib.
“AzerBlast” MMC 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “AzerBlast”ın yaradılmasında məqsəd mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır.
Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoyub. Bu məqsədlə şirkət Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavod inşa edir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.