Gəncədəki partlayıcı maddələr istehsalı zavodunun gücü 31,5 min tona çatdırılacaq
FED.az xəbər verir ki, bu barədə “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, illik istehsal gücü 31.5 min ton həcmində qiymətləndirilən zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir.
Fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub. Növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır.
Qeyd edim ki, layihəyə 15 milyon manat sərmayə qoyulub. İnşaat işlərinə 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasıma 4 milyon manat vəsait sərf olunub. Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir.
Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir.