“SOCAR Methanol” MMC 2022-ci ilin birinci yarısında 271,2 min ton metanol ixrac edib, bu da ötən ilin analoji dövründən 2,8 dəfə çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyulun 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 46,1 min ton hazır məhsul var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında “SOCAR Methanol” $70 milyon 678,36 min dəyərində 232 min 578,68 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,38%, qeyri-neft məhsullarının ixrac həcmində 4,85% təşkil edib.
Xəbər verildiyi kimi, “SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar 2021-ci ilin yanvar ayında metanol istehsalı və ixracı həyata keçirilməyib. Müəssisə 2021-ci ilin may ayında fəaliyyətini bərpa edib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib. (İnterfaks-Azərbaycan)