Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.
FED.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iştirak etdiyi tədbirdə bildirilib ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, “Badamlı” Mineral Sular Zavodunda istehsal ediləcək mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılacaq.
Vasif Talıbov isə bildirib ki, “Badamlı” mineral suyu 1947-ci ildən istehsal olunur, 70-ci illərdən isə Badamlıda yeni zavod qurulub və məhsulun 90 faizi ittifaq ölkələrinə göndərilib. Ötən əsrin 90-cı illərində Badamlı zavodun fəaliyyəti dayanıb.
Badamlı mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılıb, Badamlı qəsəbəsindən Naxçıvan şəhərinə qədər su xətti çəkilib və yeni zavod istifadəyə verilib.
V.Talıbov bildirib ki, xarici bazarda Badamlı suyuna təlabatın artması yeni zavodun tikilməsini zəruri edib.
Yeni zavodun tikintisinə ehtiyac suya sertifikat verilməsi zamanı da ortaya çıxıb. Belə ki, mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Bütün bunlar əsas götürülərək iqtisadi dəyərləndirmə aparılıb və Badamlı qəsəbəsində yeni zavod tikilib.
Sovet dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdu. Bu gün istifadəyə verilən yeni zavodda isə su ehtiyatından 100 faiz istifadə olunacaqdır. Müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır. Vaxtilə burada yalnız bir çeşiddə qazlı su istehsal olunurdusa, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal ediləcəkdir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına müsbət təsir edəcək. Artıq indi zavodda 72 nəfər işlə təmin edilib.
Zavodu işə salan Ali Məclis sədri İqtisadiyyat Nazirliyinə muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə etməyi, yeni müəssisələr açılmasını və ixracyönümlü məhsul istehsal olunmasını tapşırıb. Onun sözlərinə görə, bu gün muxtar respublikada əsas tikinti materiallarına, mineral və içməli suya olan təlabat yerli istehsal hesabına ödənilir.
2009-cu ildən etibarən Badamlı mineral suyu 5 ölkəyə ixrac olunur. Yeni zavodun istifadəyə verilməsi ixracın həcminin və ölkələrin saynın artmasına imkan verəcək.
Qeyd edək ki, "Badamlı” mineral su yatağı Badamlı qəsəbəsinin cənub qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir. Sahəsi 42,5 min kvadratmetr olan zavodun yaradılmasına daxili imkanları hesabına təqribən 21 milyon xərclənib. Zavodun 2 mərtəbədən ibarət inzibati binasında 14 iş otağı, server və növbətçi otaqları, iclas zalı, mətbəx, yeməkxana və digər xidməti otaqlar yerləşir.
Bildirilmişdir ki, zavodda istehsal, filtirasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya vardır. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılmış, Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılmışdır.
İqtisadiyyat Nazirliyi tərəfindən yeni sudoldurma xətlərinin idxalına 2 halda İnvestisiya Təşviqi Sənədi verilmişdir.
İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 14 çeşiddə qazlı və qazsız mineral su istehsal olunacaqdır. Labarotoriyada suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulmuşdur.
Zavodda 16 yük maşını, 1 avtobus və 2 xidməti avtomobil vardır. İşçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunurlar. Ərazi abadlaşdırılmış, həyətdə tutumu 700 ton olan xam su hovuzu tikilmiş, video-nəzarət sistemi və transformatorlar quraşdırılmışdır.
Ali Məclisin Sədri keyfiyyətə önəm verilməsi, istehsal və labaratoriya sənədlərinin zavodun internet saytında yerləşdirilməsi ilə bağlı da tapşırıqlar verib.
Azərbaycanda yeni “Badamlı” Zavodu – FƏALİYYƏTƏ BAŞLAYIB
17:13
25 May 2020