Məşhur sement istehsalçısı “Holcim Azərbaycan” şirkəti təkər və digər tullantıları yandıraraq sement istehsal etməyə hazırlaşır. Hazırda sement istehsalında təbii qazdan istifadə edilir.
Şirkətdən bildirilib ki, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir.
"Hər kəs Holcim-i yüksək keyfiyyətli sement istehsal edən Qaradağ sement zavodu kimi tanıyır, lakin Holcim zavodunun bu cür xüsusi texnologiyalara malik olduğunu çox az adam bilir.
Artıq yararsız təkərlərlə ilk uğurlu sınaqlar həyata keçirilib və digər materiallarla genişmiqyaslı testlər üçün hazırlıqlar aparılır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən "Caspian Ecology Exhibition" sərgisində dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunmuşdur".
Dünya bazarında 100 illik təcrübəyə malik olan Holcim, təkcə təkrar emal üçün həllər deyil, həm də neft və neft məhsulları ilə çirklənmiş torpağın toksinlərdən inertizasiyası üçün innovativ yanaşmalar təklif edir. Sement əsasında hazırlanmış Inercem məhsulu buna ən parlaq nümunədir. Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır.
Geocycle - lafargeHolcim qrupuna daxil olan və tullantıların idarə olunması xidməti göstərən aparıcı qlobal operatorlardan biridir.