Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 % artıb.
Sənaye məhsulunun 61,2 %-i mədənçıxarma sektorunda, 32,3 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 29 %, qida məhsullarının istehsalı 10,8 %, kimya sənayesi məhsullarının istehsalı 8,4 %, tütün məmulatlarının istehsalı 8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 %, maşın və avadanlıqların istehsalı 0,7 % artıb, neft məhsullarının istehsalı 0,1 %, içkilərin istehsalı 0,4 %, tikinti materiallarının istehsalı 4,2 %, mebel istehsalı 7,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 %, hazır metal məmulatlarının istehsalı 12,7 %, elektrik avadanlıqlarının istehsalı 13,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14 %, geyim istehsalı 20,8 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 %, poliqrafiya məhsullarının istehsalı 23,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 %, kağız və karton istehsalı 26,2 %, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 % artıb.