Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Azerbaijan İnternational Mining Company Ltd.” şirkətinin Azərbaycan Nümayəndəliyi 11,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: Ötən ay Azərbaycan qızıl ixracını 2 dəfədən çox - Artırıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon ABŞ dolları və yaxud 18,6 % azdır.
Qeyd edək ki, “Azerbaijan International Mining Company Ltd.” Şirkəti “Anglo-Asian Mining Plc." şirkətinin törəməsidir. O, Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir. (Report)