Azərbaycanda xaricdən idxal edilən, eləcə də ölkə daxilində istehsal olunan oyuncuqlarla bağlı yeni tələblər elan edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni tələblər müxtəlif məsələləri, xüsusilə də oyuncaqların təhlükəsizliyi ilə bağlı məqamlırı ahət edir. Yeniliklər Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli qərarı ilə “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/AZ)”ində nəzərdə tutulub.
Sənəddə nəzərdə tutulan tələblərin sayı və xarakteri nəzərə alınaraq, reqlamentin tələbləri dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Eyni zamanda, bu tələblər, yeni reqlament qüvvəyə minməzdən əvvəl Azərbaycana idxal edilmiş, ölkədə istehsal edilmiş və dövriyyəyə buraxılmış, eləcə də artıq istifadədə olan oyuncaqlara şamil edilməyəcək. Fərdi sifarişlə hazırlanan oyuncaqlar və sərgi nümunələri də reqlamentdən kənarda qalır.
Belələklə, reqlamentdə “oyuncaq” dedikdə 14 yaşına qədər uşaqların oynaması üçün nəzərdə tutulan məhsul və ya material başa düşülür.
Əsas tələblər, qeyd edildiyi kimi, oyuncaqların uşaqlar üçün təhlükəsizliyi, xüsusilə də onların hazırlandığı materiallarla bağlıdır.
3 yaşadək uşaqların oyuncaqlarında bir sıra materiallardan istifadə edilməyəcək
Yeni qaydaların ən diqqətçəkən hissələrindən biri oyuncaqların hazırlandığı materiallara qoyulan tələblərdir.
Reqlamentə görə, ümumiyyətlə, oyuncaqların hazırlandığı materiallar təmiz və infeksiyaya yoluxmamış olmalıdır.
Daha sərt tələblər isə 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara tətbiq edilir. Belə oyuncaqlarda:
-
təbii xəz;
-
təbii dəri;
-
şüşə;
-
farfor (çini);
-
xovlu materiallar — rezin, karton və kağızdan;
-
ölçüsü 3 millimetr və daha az olan daxili çexolsuz qranullar;
-
rütubətli mühitdə ölçüsü 5%-dən çox böyüyən, çınqıldayan oyuncağa bənzər oyuncaq doldurucuları
istifadə edilməməlidir.
Bu tələb xüsusilə körpələr üçün nəzərdə tutulan yumşaq oyuncaqların, çınqıldayan oyuncaqların və müxtəlif dolduruculu məhsulların istehsalçı və idxalçıları üçün əhəmiyyətlidir.
Təkrar emaldan alınan xammaldan oyuncaq istehsalına icazə verilməyəcək
Reqlamentdə ayrıca mühüm məhdudiyyət də müəyyənləşdirilib: oyuncaq istehsalında təkrar emal nəticəsində əldə edilmiş xammaldan istifadə edilməməlidir.
İstisna yalnız istehsalçının öz oyuncaq istehsalı prosesində yaranan tullantılardır — onların yenidən istifadəsinə yol verilir.
Oyuncaqların qoruyucu və dekorativ örtüyünün isə nəmə, ağız suyuna və tərə davamlı olması tələb edilir.
Bu müddəalar plastik, rezin və müxtəlif polimerlərdən hazırlanan ucuz oyuncaqlar bazarı baxımından xüsusilə diqqətəlayiqdir.
Oyuncaqlardan kimyəvi maddələrin ayrılmasına limit qoyulur
Texniki Reqlamentin ən geniş hissələrindən biri oyuncaqların kimyəvi təhlükəsizliyinə həsr olunub.
Oyuncağın istifadəsi zamanı kimyəvi maddələrin tənəffüs yollarına, dəriyə, selikli qişalara, gözlərə və ya mədəyə daxil olması nəticəsində sağlamlığa zərər vurması riski minimuma endirilməlidir. Kimyəvi maddələr olan oyun dəstlərində və kimyəvi oyuncaqlarda hər bir maddə və reaktiv üçün müəyyən edilmiş maksimum miqdarın aşılmasına icazə verilmir.
Reqlament bununla kifayətlənmir və müxtəlif materiallardan suya və havaya keçə bilən zərərli maddələrin konkret miqrasiya limitlərini müəyyən edir.
Məsələn, ABS plastiklərində su mühiti üçün benzolun miqrasiyası 0,01 mq/dm³, stirolun 0,01 mq/dm³, akrilonitrilin 0,02 mq/dm³, toluolun isə 0,5 mq/dm³-dən artıq olmamalıdır. Hava mühitində stirol üçün limit daha aşağı — 0,002 mq/m³ müəyyən edilib.
Bəzi ftalatlara ümumiyyətlə yol verilmir
Uşaq oyuncaqlarında plastik və rezin materiallarla bağlı xüsusilə maraqlı tələb dibutilftalatla bağlıdır.
Polivinilxlorid materiallarda dibutilftalatın həm su, həm də hava mühitinə miqrasiyasına yol verilmir. Eyni tələb rezin-lateks kompozisiyalarına da şamil edilir.
PVC üçün, məsələn, vinil xlorid üzrə limit su mühitində 0,01 mq/dm³, hava mühitində 0,01 mq/m³, fenol üzrə müvafiq olaraq 0,05 mq/dm³ və 0,003 mq/m³ müəyyən olunub.
Rezin-lateks kompozisiyalarında da dibutilftalata yol verilmir. Bundan başqa, həmin materiallarda akrilonitril, asetofenon, müxtəlif ftalatlar, stirol və digər maddələr üçün ayrıca hədlər müəyyənləşdirilib.
Benzopirenə də yol verilmir
Reqlamentdə diqqətçəkən digər qadağa benzopirenlə bağlıdır.
Parafin və mumlardan, eləcə də rezin-lateks kompozisiyalarından benzopirenin su və hava mühitinə miqrasiyasına yol verilmir. Sənəddə qeyd olunur ki, belə maddələrin miqdarı təsdiq edilmiş ölçmə üsullarının aşağı aşkarlama həddindən artıq olmamalıdır.
Qurğuşun, civə, kadmium, arsen üçün ayrıca limitlər
Reqlament oyuncaq materiallarından zərərli elementlərin ayrılması üçün də konkret maksimum hədlər müəyyən edir.
Barmaqla tətbiq olunan boyalar və qəlib kütlələri istisna olmaqla, hər 1 kiloqram oyuncaq materialından model mühitə buraxılan maddələr üçün maksimum göstəricilər belədir:
|
Maddə |
Maksimum hədd |
|
Sürmə |
60 mq/kq |
|
Qurğuşun |
90 mq/kq |
|
Arsen |
25 mq/kq |
|
Civə |
60 mq/kq |
|
Kadmium |
75 mq/kq |
|
Xrom |
60 mq/kq |
|
Barium |
1 000 mq/kq |
|
Selenium |
500 mq/kq |
Qəlib kütləsi və barmaqla tətbiq edilən boyalar üçün bəzi hədlər daha sərtdir: xrom 25 mq/kq, civə 25 mq/kq, kadmium 50 mq/kq, barium isə 250 mq/kq müəyyən edilib. Qurğuşun üçün burada da hədd 90 mq/kq-dır.
Bu, xüsusilə oyuncaq boyaları, plastilin, rənglənmiş plastik və metal detalların təhlükəsizliyinin yoxlanılması baxımından reqlamentin ən vacib müddəalarından biridir.
Uşağın ağzına toxunan oyuncağın səthi rənglənə bilməz
Körpələr üçün daha bir mühüm tələb var.
Uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir.
Bununla yanaşı, 3 yaşadək uşaqların ağız boşluğu ilə təmas edən oyuncaqlarında dad intensivliyi 1 baldan artıq olmamalıdır. Oyuncaqların qoxusu üçün də yaş qruplarına görə ayrıca hədlər müəyyən edilib. Bir yaşadək uşaqlar üçün qoxunun intensivliyi maksimum 1 bal, bir yaşdan yuxarı uşaqlarda isə maksimum 2 bal ola bilər.
Xırda detallar uşağın nəfəs yoluna düşməməlidir
Reqlament oyuncaqların fiziki və mexaniki təhlükəsizliyinə də geniş tələblər qoyur.
Oyuncağın iti ucları, kənarları, sərt detalları, yayları, bərkidiciləri, boşluqları, küncləri, çıxıntıları, qaytan və kəndirləri uşağın zədələnməsi riskini aradan qaldırmalıdır.
3 yaşadək uşaqlar üçün oyuncaqlar və onların çıxarıla bilən hissələri, eləcə də birbaşa qida məhsuluna bərkidilən oyuncaqlar uşağın yuxarı tənəffüs yollarına düşməyəcək ölçüdə olmalıdır.
Yumşaq oyuncağın içərisində sərt və iti yad cisimlər olmamalı, tikişləri möhkəm olmalıdır. Oyuncaq və onun hissələri boğulma riskini də istisna etməlidir.
Uşağın başını tam örtən hava keçirməyən maska və dəbilqələrdə kifayət qədər havalandırma təmin edilməlidir. Uşağın daxil ola bildiyi qapalı oyuncaqlarda isə içəridən asanlıqla açılan çıxış və havalandırma dəlikləri olmalıdır.
Uşağın sürdüyü bəzi oyuncaqlarda əyləc tələb olunur
Uşağın çəkisini daşıyan və sürülmək üçün nəzərdə tutulan oyuncaqlar möhkəm və dayanıqlı olmalıdır.
Sərbəst dönmə mexanizmi və ya neytral mövqeli sürət qutusu olan mexaniki və elektrik ötürücülü oyuncaqlarda əyləc qurğusunun olması tələb edilir. Zəncir ötürücüsü olan oyuncaqlarda qoruyucu, uşağın üzərində dayandığı səthdə isə sürüşmənin qarşısını alan elementlər olmalıdır.
Asma yelləncəklərin oturacağı 3 yaşadək uşaqların yıxılmasının qarşısını alan konstruksiyaya malik olmalıdır.
10 yaşadək uşaqların konstruktorlarında lehimləmə olmayacaq
Yeni reqlamentə görə, 10 yaşa qədər uşaqların özlərinin quraşdırması üçün nəzərdə tutulan konstruktor və modellərin lehimlənməsinə icazə verilmir.
İstilik elementi olan oyuncaqların uşağın toxuna biləcəyi səthləri isə yanığa səbəb olacaq temperaturadək qızmamalıdır.
Oyuncaqlarda lazer qadağan edilir
LED işıqlandırılan oyuncaqlar uşağın görmə qabiliyyətinə mənfi təsir göstərməməli və zərərli şüalanmaya səbəb olmamalıdır.
Daha sərt tələb lazerə aiddir: oyuncaqlarda lazer şüalanma sistemlərindən istifadə edilməsinə icazə verilmir.
Oyuncaqların səsi üçün yaşa görə limitlər
Səs çıxaran oyuncaqlara da konkret desibel məhdudiyyəti qoyulur.
Adi səsli oyuncaqların ekvivalent səs səviyyəsi:
|
Uşağın yaşı |
Maksimum ekvivalent səs |
|
3 yaşadək |
60 dBA |
|
3–6 yaş |
65 dBA |
|
6 yaşdan yuxarı |
70 dBA |
Maksimal səs səviyyəsi isə müvafiq olaraq 70, 75 və 80 dBA ola bilər. Açıq havada istifadə olunan oyuncaqlar üçün maksimal səs 85 dBA, impuls səsi yaradan oyuncaqlarda isə 90 dBA ilə məhdudlaşdırılır.
Elektrikli oyuncaqlar maksimum 24 volt olacaq
Elektrikli oyuncaqlarda və onların istənilən hissəsində nominal gərginlik 24 V-dan çox ola bilməz.
Elektrik mənbəyi ilə təmasda olan və ya ola biləcək hissələr, kabellər və məftillər izolyasiya edilməli və elektrik şoku riskini aradan qaldırmaq üçün mexaniki qorunmalıdır.
Uçan oyuncaqlarda istifadə edilən qaytanların isə metal tərkibli olmasına icazə verilmir və onlar dielektrik xüsusiyyətə malik olmalıdır.
Maqnitli oyuncaqlara da xüsusi tələb
Oyuncağa bərkidilməyən maqnit və maqnit elementlərinin maqnit selinin göstəricisi 0,5 Tl² mm²-dən çox olmamalıdır, yaxud maqnit elə ölçüdə olmalıdır ki, uşağın tənəffüs yoluna düşməsi və boğulması mümkün olmasın.
Bundan əlavə, müəyyən maqnitli oyuncaqlarda ayrıca xəbərdarlıq tələb edilir. İstehlakçıya bildirilməlidir ki, oyuncaqda bərkidilməmiş maqnit və ya maqnit komponentləri var və onlar udulduqda həkimə müraciət edilməlidir.
Oyuncağın üzərində hansı məlumatlar yazılmalıdır?
Yeni qaydalar etiketləməyə də ciddi tələblər müəyyənləşdirir.
Etiket aydın, dəqiq, oxunaqlı və əlçatan olmalıdır. Azərbaycana idxal edilən oyuncaqların üzərindəki etiketlər, adlar və istifadə qaydalarına dair izahatlar digər dillərlə yanaşı Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır.
Etiketdə, vəziyyətdən asılı olaraq, oyuncağın adı və kommersiya adı, növ və modeli, istehsal ölkəsi, istehsalçı, ticarət agenti və idxalçının adı, ünvanı və əlaqə vasitələri, minimum yaş həddi və ya yaş piktoqramı, istehsal tarixi, saxlama və istifadə müddəti kimi məlumatlar göstərilməlidir.
Xüsusilə diqqətçəkən tələb budur ki, 3 yaşadək uşaqlar üçün oyuncaqlarda əsas konstruksiya materialı da etiketdə göstərilməlidir.
“3 yaşadək olmaz” işarəsinin də ölçüsü müəyyən edilib
3 yaşadək uşaqlar üçün nəzərdə tutulmayan oyuncaqlar xəbərdaredici yaş qrupu qrafiki ilə işarələnməlidir.
Reqlament hətta bu işarənin minimum ölçüsünü də müəyyənləşdirib: qrafik simvolun diametri 10 millimetrdən az ola bilməz.
Kimyəvi oyuncaqların qablaşdırmasında isə “Diqqət! Yalnız ... yaşdan yuxarı uşaqlar üçün!” və “Yalnız böyüklərin birbaşa nəzarəti altında istifadə edilməlidir!” xəbərdarlıqları yerləşdirilməlidir.
Su üzərində oyun üçün oyuncaqlarda “Dayaz suda yalnız böyüklərin nəzarəti altında istifadə edilməlidir!”, oyuncaq olan qida qablaşdırmasında isə “Oyuncaq var” xəbərdarlığı tələb olunur.
Oyuncaqlar satışa çıxarılmazdan əvvəl sertifikatlaşdırılacaq
Reqlamentin biznes üçün ən mühüm müddəalarından biri də budur.
İstehsal mərhələsində olan oyuncaqlar istehlak bazarına buraxılmazdan əvvəl uyğunluğun qiymətləndirilməsindən keçməlidir və bu qiymətləndirmə sertifikatlaşdırma üsulu ilə aparılacaq.
Seriyalı istehsal olunan oyuncaqlar üçün 1s və 2s, oyuncaq partiyaları üçün isə 3s sertifikatlaşdırma sxemi tətbiq ediləcək.
Sertifikatlaşdırma zamanı oyuncaq nümunəsinin rəngli təsviri, texniki və konstruktor sənədləri, xammal, material və komponentlər, onların istehsalçı və idxalçıları haqqında məlumatlar, risklərin qiymətləndirilməsi və digər sənədlər tələb oluna bilər.
Tələblərə cavab verən və uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçən oyuncaqlar bazara çıxarılmazdan əvvəl uyğunluq nişanı ilə nişanlanmalıdır.
Hansı məhsullar bu reqlamentə daxil deyil?
Reqlament bütün uşaq və əyləncə məhsullarına avtomatik şamil edilmir.
Məsələn, yolka bəzəkləri, 14 yaşadək uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya modelləri, uşaq meydançası avadanlıqları, idman avadanlıqları, oyun avtomatları, 500-dən çox hissədən ibarət pazllar, pnevmatik silahlar, katapultlar, metal başlıqlı mərmilər, ümumi istifadə yolları üçün velosipedlər, 24 V-dan yüksək gərginliklə işləyən oyun və oyuncaqlar, odlu silahların dəqiq surətləri, uşaq bijüteriyası, üzgüçülük üçün şişmə qol manjetləri və qoruyucu dəbilqələr bu reqlament üzrə oyuncaq hesab edilən məhsulların siyahısına daxil edilmir.
Reqlamentin əhatə etdiyi mallara isə plastilin və digər yapma pastaları, üçtəkərli velosipedlər, skuterlər, pedallı avtomobillər və yerimə arabaları, kuklalar, elektrik qatarları, konstruktorlar, oyuncaq musiqi alətləri, tapmacalar, mühərrikli modellər, uşaq topları, bəzi elektron oyunlar, elektrik oyuncaqları, karnaval və əyləncə malları, uşaq hovuzları, barmaq boyaları, quaş və digər analoji məhsullar daxildir.
Yeni reqlament bazarda nəyi dəyişəcək?
Başqa sözlə yeni reqlament oyuncağın xammalından başlayaraq konstruksiyasına, kimyəvi tərkibinə, səsinə, elektrik göstəricilərinə, qablaşdırılmasına, Azərbaycan dilində məlumatlandırmaya, laboratoriya sınaqlarına, sertifikatlaşdırmaya və bazara çıxmazdan əvvəl uyğunluq nişanının alınmasına qədər bütün mərhələləri əhatə edir.
Xüsusilə ucuz seqmentdə satılan plastik, rezin və boyalı oyuncaqlar üçün kimyəvi miqrasiya normaları; 3 yaşadək uşaqların oyuncaqları üçün material məhdudiyyətləri; təkrar emal edilmiş xammalın qadağan edilməsi və bazara çıxmazdan əvvəl sertifikatlaşdırma tələbi istehsalçı və idxalçılar üçün əsas diqqət yetirilməli məsələlər olacaq.













