Azərbaycanda yeni nəhəng sənaye müəssisəsinin – dəmir zavodunun tikintisi başlanacaq.
FED.az xəbər verir ki, yeni müəssisə Azərbaycanın Qazaxıstanla birlikdə yaratdığı “Azerbaijan Metal Company” MMC tərəfindən inşa ediləcək.
Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC birgə müəssisəsi bu il sentyabrın 23-də “Azergold” QSC-nin törəməsi olan “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis olunub.
Yeni zavodun illik istehsal gücü 2 milyon ton olacaq. Müasir texnologiyaların tətbiqi ilə tikiləcək zavodun tikintisinə 700 milyon dollar yatırılacaq. Bu zavodun inşası Azərbaycan iqtisadiyyatına illik 694 milyon dollarlıq töhfə verəcək. Təqribən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunacağı zavodun 2029-cu ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.
Yeni zavodun tikintisi üçün xarici banklardan və maliyyə təşkilatlarından kredit cəlb olunacaq.
Artıq zavodun tikintisinə hazırlıq başlayıb. Noyabrın 13-də Çinin paytaxtı Pekində “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında zavodun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.
“AzMC” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglinin imzaladığı müqaviləyə əsasən, Çin şirkəti Zavod texniki-iqtisadi əsaslandırma sənədini hazırlayacaq. Çin şirkəti bu sənədi 4 ay müddətində hazırlamalıdır və bu 1,5 milyon dollara başa gələcək. Hazırlanacaq sənəd, zavodun tikintisinin maliyyələşdirilməsi üçün beynəlxalq institutlar və banklar qarşısında əsas istinad sənədi rolunu oynayacaq.
Xatırladaq ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib.
Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.












