Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 120,1 min ton həcmdə metanol (metil spirti) istehsal edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, metanol istehsalı ötən ilin müvafiq dövründən 89,4% çox olub.
Eləcə də bax: Başqırdstandan etil spirti Azərbaycana - İXRAC OLUNACAQ
Dövlət Gömrük Komitəsinin məlumatına görə, I rübdə 93,729 min ton miqdarında metanol ixrac edilib. Bu həcmdə metanolun dəyəri 9,373 mln. ABŞ dolları təşkil edib. Metanolun Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında payı 2,18% olub.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Report