2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 151 milyon 558 min dollar həcmində 26 min 403 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 68 milyon 53 min dollar və ya 81,5% artıb, miqdar ifadəsində isə 11 min 487 ton, başqa sözlə 77% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 min 916 ton kərə yağı idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən kərə yağının 1 kiloqramının orta dəyəri 9 manat 76 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 52 qəpik idi. Bu da illik müqayisədə 24 qəpik və ya 2,5% artım deməkdir.
Bu il ümumi idxalın 0,81%-i kərə yağının payına düşüb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 26 min 890,6 ton kərə yağı istehsal edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 240,7 ton, başqa sözlə 9,1% çoxdur. 1 dekabr 2024-cü il tarixinə hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb.
Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487,6 ton çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat, ümumi orta qiyməti 21.38 manat təşkil edib.