Aprelin 26-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Holcim Azərbaycan” ASC-nin baş direktoru Xalid Samaka imzalayıblar.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” ASC arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Həmçinin memoranduma əsasən Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” ASC-nin birgə təşkilatçılığı ilə "Usta Mənəm!" müsabiqəsinin keçirilməsinə start verilir. 500-dən çox ustanın iştirak edəcəyi müsabiqənin keçirilməsinə may ayından başlanılacaq və respublikanın müxtəlif bölgələrində təşkil ediləcək. Müsabiqənin keçirilməsində məqsəd ölkənin ən yaxşı “Usta”sını seçmək, gənclər arasında hörgü peşəsini təbliğ etmək və peşə təhsilinin nüfuzunu yüksəltməkdir. Sonda birinci yerin sahibinə avtomobil hədiyyə ediləcək.