Azərbaycanda koronavirusa qarşı profilaktika üçün istifadə edilən yeni dezinfeksiya qurğusunun və dezinfeksiya mayesinin istehsalı başlayıb.
Eləcə də bax: Azərbaycanda dezinfeksiya tunelinin - İSTEHSALINA BAŞLANILDI
Bu barədə FED.az-a İnnovasiyalar Agentliyindən bildirilib.
Qeyd edək ki, qurğunun və dezinfeksiyaedici mayenin istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Sözügedən maye həmin qurğuda istifadə edilir və tərkibində heç bir kənar maddə yoxdur.
İstehsalın təşkilatçısı olan «RD SMART» MMC şirkətinin rəhbəri Sabri Candemir FED.az-a bildirib ki, qurğunun bütün detalları və maye Azərbaycanda istehsal olunur.
Şirkətin Pirallahı Texnologiyalar Parkında bir neçə istehsal sahəsi var, dezinfeksiyaedici aparat və maye isə şirkətin Badamdardakı müəssisəsində istehsal edilir.
Müəssisənin istehsal gücü gündəlik 40 qurğudur. Qurğuların maye çəni də onun içərisinə yerləşdirilib və işə başlaması üçün enerjiyə qoşulması kifayətdir.
Dezinfeksiya aparatı tunelinin uzundluğu 92 santimetrdir. Oradan keçərkən insan 2 saniyə dayanmaqla dezinfeksiya edilir. Onu hər yerdə quraşdırmaq olar. Aparatın içərisində qızdırma ölçən qurğu da quraşdırılıb. Artıq aparata yaxınlaşanda qızdırma da ölçüləcxək. Bundan başqa, aparat «Face control» - üz tanıma və yadda saxlama funksiyasına malik ola bilər. Eləcə də aparat maskasız şəxsi «gördük»də xəbərdarlıq siqnalı verir.
Dezinfeksiya aparatı istehsalçılara opsiyalarına görə 3 fərqli variantda və qiymətdə təqdim olunacaq. Baza versiyaya qiymət 5 min manatdan başlayır. Burada qızdırma ölçmə funksiyası da var. Qızdırmanı alında deyil, əldə ölçən aparat 7 min manat, üz tanıma funksiyası olan isə 9 min manatdır. Qurğuya 2 il, onun ayrı-ayrı detallarına isə 5 il qarantiya verilir.
Artıq aparatların müxtəlif dövlət qurumlarında, o cümlədən SOCAR-da quraşdırılmasına başlanılıb.
Qurğuda istifadə edilən dezinfeksiya edici maye də «halal»dır. Mayenin dəqqi tərkibi kommersiya sirri olduğu üçün açıqlanmır. Amma onun tərkibində xlor, alkoqol və digər ənənəvi maddələr yoxdur. «Bu maddə xüsusi tərkibə malikdir və onun halal olması müvafiq qurumlar tərəfindən sertifikatlarla təsdiqlənib»-deyə S.Candemir FED.az-a bildirib.
«Halal» dezinfeksiya mayesi Sumqayıtda Neft-kimya prosesləri institutunun istehsal sahəsində istehsal olunur. Gündə 4 ton belə maye buraxılır. Amma onu təkcə sözügedən qurğularda deyil, bütün sahələrdə dezinfeksiya edici kimi istifadə etmək olar: «Maye o qədər təmiz və təsirsizdir ki, onunla hətta qaşığı dezinfeksiya edib dərhal yeməyə başlamaq olar». - Sabri Candemir bildirib.
Qiyməti 20 litr üçün 120 manatdır.
«Halal» dezinfeksiya mayesinin və dezinfeksiya qurğusunun Türkiyə, Gürcüstan və ərəb ölkələrinə ixracı da gözlənilir.