Əmlak Məsələləri Dövlət Xidməti yaxın vaxtlarda «ASK Tekstil» MMC-nin özəlləşdirilməsi məqsədilə yaxın zamanda investisiya müsabiqəsi keçiriləcək.
Eləcə də bax: 25 müsadirə edilmiş dövlət əmlakı hərraca çıxarılır – SİYAHI - QİYMƏT
FED.az xəbər verir ki, ölkənin yüngül sənayesində ən böyük müəssisələrdən biri olan «TEKSTİL FABRİKİ» MMC 1974-cü ildə fəaliyyətə başlayıb. 2018-ci ildən isə «Tekstil Fabriki» adı altında fəaliyyətini davam etdirir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14-də Azərbaycan Sənaye Korporasiyasının ünvanında olsa da, faktiki fəaliyyət ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, 3-də yerləşir, müəssisə bu ünvanda fəaliyyət göstərir.
Müəssisənin yerləşdiyi torpaq sahəsi: 6,2 hektar təşkil edir.
«Tekstil Fabriki» MMC pambıqdan mahlıc emalı, iplik, trikotaj, tekstil və xalça istehsalı sahəsində fəaliyyət göstərir. Hazırda müəssisənin xalça istehsalı sahəsi icarəyə verilib.
Müəssisənin gündəlik istehsal gücü (layihə üzrə): gündə 30 ton iplik, 6000 ədəd tekstil, 3000 ədəd trikotaj və 20 ədəd kiçik ölçülü xalçadır.
Buradakı əsas avadanlıqlar Çin, Almaniya, İngiltərə və İtaliya istehsalıdır. Amma indiki durumda onların bir qisminin yenilənməsi və təmirinə ehtiyacı vardır.
Müəssisənin fəaliyyəti üçün əsas xammal mənbəyi ölkə daxilində və Türkiyədən gətirilir.
«Tekstil Fabriki» MMC-nin məhsuluna tələbat olan ərazi və bazarlar genişdir. Müəssisənin məhsullarını həm Azərbaycanın 10 milyon nəfərlik daxili bazarında, həm də əhali sayı təqribən 400 milyon nəfər olan ətraf ölkələrə təklif edə bilərlər.
Başqa sözlə, investorlar sözügedən müəssisənin özəlləşdirilməsində iştirak etməklə, Azərbaycanın 10 milyonluq bazarı ilə yanaşı, qonşu dövlətlərin - Rusiya, Gürcüstan, Türkiyə, İran, Xəzər dənizi vasitəsilə Orta Asiya və s. təqribən 400 milyonluq bazarlarına da əlverişli çıxış imkanları əldə edəcəklər.
Hələlik isə müəssisənin cəmi 4 nəfər işçisi var, onların orta aylıq əmək haqqı 600 manatdır.