Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.
Azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı - AÇIQLANIB
FED.az xəbər verir ki, qazma nəticələri Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq “Xarxar” yatağının gələcək mineral ehtiyatlarının qiymətləndirilməsinin bir hissəsini təşkil edəcək.
Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb.
JORC-un “Xarxar” yatağının mineral ehtiyatları ilə bağlı hesabatı hazırlanma mərhələsindədir və bu, 2024-cü ilin mart ayının sonunadək açıqlanacaq. Ötən ilin sentyabrında “Mining Plus UK” şirkətinin geoloji sahə ilə bağlı müstəqil məsləhətçiləri yatağa baş çəkiblər.
Qiymətləndirmənin nəticələri dərc edildikdən sonra əlavə sıxlaşdırıcı və genişləndirici qazma işlərinin həyata keçirilməsi, həmçinin metallurgiya sınaq proqramı və geometallurgiya modelləşdirməsi planlaşdırılır. Bundan başqa, şaxtanın layihəsi və hasilat planı daxil olmaqla, mədənçıxarma sahəsinə dair araşdırma hazırlanacaq.
Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. “Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib. (Report)