Azərbaycanda alkoqollu içkilərin 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilib.
Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq
FED.az xəbər verir ki, bu məsələ Parlamentin aprelin 23-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş “Qida təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur.
Qanun layihəsində bildirilir ki, aparılmış təhlillərə əsasən son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergiödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil edib. Bu da ölkə üzrə ümumi araq istehsalının 86 faizini təşkil edir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.