Azərbaycanda ilk BioPlastik zavodu tikiləcək.
Zavodun inşaası iki ilə tamamlanacaq.
FED.az xəbər verir ki, 11 dekabr tarixində İnnovasiyalar Agentliyinin dəstəyi ilə "TechnipFMC" və “Yeni Kapital” şirkətləri arasında “PLA” layihəsinin tikintisi üçün ilkin müqavilə imzalanıb. Layihənin tikintisi İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur ki, bu da layihəyə vergi və gömrük güzəştləri təmin edəcək.
Eləcə də bax: Azərbaycanda dəyəri - 150 MİLYON AVRO OLAN ZAVOD TİKİLƏCƏK
Layihə ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik, başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən "PLA" polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.
Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq insan mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacaq.
"PLA" layihəsi sayəsində ölkəmizə hər il 100 mln dollardan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 milyon dollar olacaq. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub
"PLA" layihəsi üçün quraşdırılacaq zavodun maya dəyəri 150 milyon dollar təşkil edir.