Cəncə Avtomobil Zavodu tərəfindən Türkiyədə traktor istehsalına başlanması nəzərdə tutulur. FED.az xəbər verir ki, bu barədə zavodun direktoru
Kamran Nəzərov bildirib.
Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində müəssisədə 1200 müxtəlif təyinatlı traktor, 349 traktor qoşqusu, 100 "URAL”, 58 "KamAZ”, 9 məişət tullantılarını daşıyan avtomobil istehsal edilib.
Müəssisədə bağçılıqda istifadə edilən mini traktorların da istehsalı başlanıb. 95 at gücündə olan bu traktorlar bağlarda aparılan bütün aqrotexniki işləri görməyə qadirdir. Hələlik sifarişlə 20 belə traktor istehsal edilib.
Bu il müəssisədə daha bir yenilik 130 at gücündə olan "Belarus-1221” və 105 at gücündə olan "Belarus-1225” markalı traktorların istehsalı olub.
Aparılan sorğular göstərib ki, at gücü bir qədər zəif olan traktorlara da ehtiyac var. Müəssisə belarus həmkarları ilə danışıqlar apararaq 90 at güçündə olan yeni "Belarus-892” markalı traktorların istehsalını mənimsəyib.
Amma hzavodun ən maraqlı planları qonşu ölkələrlə bağlıdır. Belə ki, zavodun Gürcüstanda və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyədə Gəncə Avtomobil Zavodunda istehsal edilən traktorlar razılıqla qarşılanır. Elə Türkiyədə təşkil edilmiş kənd təsərrüfatı texnikalarının sərgisində Gəncə Avtomobil Zavodunun istehsal etdiyi traktorlara böyük maraq göstərilib və onun Türkiyədə "Azəri-Türk” adı ilə istehsalı üçün razılığa gəlinib. Hazırda Türkiyənin paytaxtı Ankara yaxınlığında traktorların yığımı üçün başlanan müəssisənin tikintisi sürətlə davam etdirilir.
Hazırda Gəncə Avtomobil Zavodunda 530 nəfərədək işçi çalışır. Orta əməkhaqqı 500 manatdan çoxdur. Bu yaxınlarda zavodda işçiləri pulsuz yeməklə təmin etmək üçün yeməkxana binası da istifadəyə verilib: «Hər il onların istirahəti üçün müxtəlif tədbirlər də həyata keçirilir. Məsələn, cari ildə 90 nəfər işçi zavodun hesabına ailəsi ilə birlikdə respublikamızın müxtəlif istirahət mərkəzlərində dincəlmişdir»-deyə zavoddan bildirilib.
Azərbaycan şirkəti Türkiyədə traktor zavodu tikir
10:08
15 Okt 2018