Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan "The Best Choice" MMC bu il Türkiyəyə lavanda yağının ixracını 50 faiz artıracaq.
Azərbaycanda lavanda güllərinin əkilməsinə 30 min manat güzəştli kredit verilib
FED.az xəbər verir ki, bunu sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.
Onun sözlərinə görə, bu il 1 ton lavanda yağı istehsal edilib ki, bunun 600 kq-nın Türkiyəyə ixracı nəzərdə tutulur. Ötən il ixrac həcmi 400 kq olub.
İxracı bu il noyabr ayında həyata keçirmək istədiklərini deyən E.Əhmədov qeyd edib ki, hazırda yeni ixrac istiqamətlərinin də açılması üçün iş aparılır.
Şirkət 2023-cü illə müqayisədə bu il lavanda yağını təxminən 200 kq az istehsal edib. Azalmanın əsas səbəbi əkin sahələri və məhsulun həcminin azalması yox, yerli bazarın tələbatına uyğun olaraq, lavandaların bir hissəsinin buket kimi qurudulmasıdır.
Şirkət lavanda yağı ilə yanaşı, müxtəlif kosmetik məhsullar – lavanda tərkibli əl kremləri, duş geli, üz üçün təbii toniklər, təbii lavanda suyu, lavanda ətirli oyuncaqlar, lavanda şamı istehsal edir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)