2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 42 milyard 600 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalının ümumi həcmində azalma olduğunu göstərir.
Belə ki, 2024-cü ilin eyni dövründə sənaye istehsalı 44,4 milyard manat təşkil etmişdi. İllik müqayisədə sənayedə təqribən 1,8 milyard manatlıq (4,1%) azalma qeydə alınıb.
Sənayenin strukturunda müsbət dinamika kimi emal sənayesinin payının artması müşahidə olunur. Ötən illə müqayisədə sektorlar üzrə bölgü aşağıdakı kimi dəyişib:
Mədənçıxarma sənayesinin payı 75,5%-dən 73%-ə düşüb.
Emal sənayesinin payı 21,4%-dən 23,5%-ə yüksəlib.
Elektrik enerjisi, qaz və buxar istehsalı payı 2,2%-dən 2,6%-ə çatıb.
Su təchizatı və tullantıların emalı: 0,9% səviyyəsində sabit qalıb.
Diqqətçəkən məqamlardan biri sənaye müəssisələrinin fəaliyyət profilindəki dəyişiklikdir. Əgər 2024-cü ildə istehsalın ümumi həcmində sənaye məhsulunun payı 93% idisə, 2025-ci ildə bu rəqəm 88,8%-ə düşüb. Əvəzində sənaye xarakterli xidmətlərin payı 7%-dən 11,2%-ə yüksəlib.
Sənayedə qeyri-dövlət sektorunun payı isə cüzi azalaraq 82,7%-dən 82,2%-ə enib.
Müqayisəli təhlil zamanı ən narahatedici göstərici anbar qalıqları ilə bağlıdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilsə də, reallaşdırılmamış məhsul ehtiyatı kəskin artıb.
01 noyabr 2025-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 442,1 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Bu, 2024-cü ilin eyni dövründəki göstəricidən (216,2 milyon manat) 2 dəfədən çox artıqdır. Bunun əksinə olaraq, müəssisələrin anbarlarında satış üçün nəzərdə tutulmuş "digər məhsullar"ın həcmi kəskin azalaraq 192,4 milyon manatdan 62,2 milyon manata düşüb.










