Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2024-cü ildə ekoloji layihələrdə ən yaxşı tərəfdaşlar seçilib.
FED.az xəbər verir ki, bununla bağlı nazirlikdə Yaşıl dünya naminə həmrəylik ilində təbiətin mühafizəsi və ətraf mühitin qorunması təşəbbüsləri üzrə seçilən qurumların və təşkilatların iştirakı ilə mükafatlandırma mərasimi təşkil olunub və tədbirdə Azərbaycan Sement İstehsalçıları Assosiasiyası mükafata layiq görülüb.
17 tərəfdaşın 4 nominasiya üzrə fərqləndirildiyi mükafatlandırma mərasimində Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Korporativ Sosial Məsuliyyət çərçivəsində ətraf mühit layihələrində nazirliyin ən yaxşı tərəfdaşlarından biri elan edilib.
Qeyd edək ki, assosiasiya üzvləri ətraf mühitin qorunmasına məsuliyyətli yanaşma tətbiq edirlər və ötən il assosiasiyaya üzv olan sement şirkətləri tərəfindən Xalis Sıfır Sürətləndirici təşəbbüsü irəli sürülmüşdü. Təşəbbüsə uyğun olaraq, sement şirkətləri tərəfindən sement və beton sənayesində karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması məqsədilə Xalis Sıfır Yol Xəritəsi işlənib hazırlanmış və COP29-da ictimaiyyətə təqdim olunmuşdu.
Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, assosiasiya üzvləri 2030-cu ilə qədər karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı və 2050-ci ildə xalis sıfır emissiya hədəfinə çatmağı öz qarşılarına məqsəd qoyublar.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası 2024-cü ildə “Norm” ASC, Holcim Azərbaycan, Arkoz Sement və Reges Sement şirkətlərinin birgə təşəbbüsü ilə yaradılıb. Assosiasiyanın Xalis Sıfır Yol Xəritəsi Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) tərəfindən Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) metodologiyası əsasında hazırlanıb.