Bu il Azərbaycanda 61,5 min unsiya qızıl hasil edilib ki, bu da ötən illə müqayisədə 2% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, gümüş hasilatına gəlincə, yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə müqayisədə 11% çoxdur.
"Cari ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb. İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb. "AzerGold" daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışını həyata keçirir", - deyə Z. İbrahimov qeyd edib.