Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib.
Bu barədə FED.az-a STP-dən məlumat verilib.
Eləcə də bax: STP yeni təcrübə - PROQRAMINA BAŞLAYIB
Bildirilir ki, əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur. STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, alüminium profilləri həmin ölkəyə ilk dəfə ixrac edib. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir.
Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə və Ukraynaya da alüminium profil və pəstah məhsulları ixrac edib. Sadalanan ölkələr ilə yanaşı, STP bu günə kimi Danimarka, Polşa, Estoniya və Yunanıstan kimi ölkələrə alüminium profil və pəstahların ixracını həyata keçirdib.
Sumqayıt Texnologiyalar Parkı alüminium profillərin ixracını genişləndirmək məqsədilə xarici bazarları araşdırmağa davam edir. Hazırda Ukrayna, Rusiya və İspaniyada potensial müştərilərlə danışıqlar aparılır. Yaxın gələcəkdə bu ölkələrə də ixrac etmək ehtimalı və potensialı böyükdür.
Xatırladaq ki, alüminium profil və pəstah məhsulları Texnoparkın Alüminium və Mis Profilləri zavodunda istehsal olunur. 2014-cü ildə istismara verilən zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü isə 30 000 ton təşkil edir.
Qeyd edək ki, regionda texnoparkların yaradılmasında pioner olan Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.