Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.
Azərbaycanda minatəmizləmə texnikası və zirehli geyimlərin istehsalı - VERGİ-GÖMRÜKDƏN AZAD EDİLİR
FED.az xəbər verir ki, QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.
Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-nin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş edilib.
Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA İdarə Heyətinin sədrinə təqdim olunub.
Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.
Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur. (Report)