Azərbaycan investorlara xüsusi hüquqi rejimin tətbiq olunduğu, eləcə də vergi və gömrük güzəştlərinin nəzərdə tutulduğu Ələt Azad İqtisadi Zonasında ixracyönümlü layihələrin həyata keçirilməsi üçün geniş imkanlar təklif edir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı bildirib.
"Xüsusilə sənaye zonalarının inkişafına yanaşmamızın əsl incisi olan Ələt Azad İqtisadi Zonasını qeyd etmək istərdim. Bu zona ilk növbədə ixraca və regional bazarlara çıxışa yönəlib. Ələt Bakı Limanının ərazisidir və şəhərdən təxminən 50–55 kilometr məsafədə yerləşir. Gələn ilin ortalarınadək burada müasir beynəlxalq hava limanı da fəaliyyətə başlayacaq. Zona dəmir yolu infrastrukturu ilə inteqrasiya olunub və Mərkəzi Asiya və Çindən Qara dəniz, Türkiyə və Avropa istiqamətində, eləcə də əks istiqamətdə yüklərin daşınmasını təmin edir", – deyə o bildirib.
Nazir xatırladıb ki, Ələt Azad İqtisadi Zonasının statusu Azərbaycanın konstitusiya qanunu ilə təsbit olunub.
O qeyd edib ki, cinayət qanunvericiliyi istisna olmaqla, investorlar özlərinin seçdikləri hüquqi yurisdiksiyadan istifadə edə bilərlər ki, bu da biznes fəaliyyətinin həyata keçirilməsi üçün əlavə üstünlüklər yaradır.
Nazir vurğulayıb ki, yalnız Azərbaycan bazarına deyil, daha geniş regional bazara yönələn şirkətlər Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin təbii nəqliyyat qovşağı olan Ələt Azad İqtisadi Zonasının potensialından yararlana bilərlər. (Trend)














