Azərbaycanla ABŞ-ın onlayn təhsil platforması “Coursera” şirkəti ilə IV Sənaye İnqilabı sahəsində əməkdaşlıq edəcək.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
“Biznesdə qadınların gücü” layihəsi başa çatdı - FOTOLAR
Məlumata görə, bununla bağlı ilkin razılıq İsveçrənin Cenevrə şəhərində keçirilmiş "Dünya İqtisadi Forumu 2023" tədbirinin İnkişaf Sammitində əldə olunub. Müxtəlif ölkələrin rəsmilərinin, dünya biznesinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir çərçivəsində qlobal iqtisadi əməkdaşlıq, dayanıqlı və inklüziv iqtisadi siyasət, IV Sənaye İnqilabı texnologiyalarının məşğulluq sahəsi üçün yaratdığı çağırış və fürsətlər və digər mövzulara dair 51 sessiya keçirilib, Dünya İqtisadi Forumunun “İş Yerlərinin Gələcəyi 2023” hesabatı təqdim edilib.
İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev “İş yerlərinin gələcəyi”, “Bölünmə şəraitində inkişafın təşviqi”, “Yeni iqtisadiyyat və cəmiyyət” sessiyalarında, habelə Forumun “Qlobal Bərabərlik Konsorsiumu”nun sessiyasında iştirak edib. İştirakçılara “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “2022-2026-cı illərdə İqtisadi İnkişaf Strategiyası”, həmçinin, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyəti, rəqəmsal iqtisadiyyat sahəsində görülən işlər və s. tədbirlər barədə ətraflı məlumat verilib. Sammitin sessiyalarında dünya iqtisadiyyatında yeni trendlər və yanaşmalar, sosial rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və digər məsələlər barədə müzakirələr aparılıb.
Sammit çərçivəsində E.Əliyev Dünya İqtisadi Forumunun icraçı direktorları Mirek Duşek və Saadiya Zahidi, “Coursera” şirkətinin nümayəndələri ilə görüşlər keçirib, əməkdaşlığın yeni mümkün istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Şirkətlə IV Sənaye İnqilabı sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.