Astanada SOCAR və Qazaxıstanın milli şirkəti “KazMunayQaz” (KMQ) arasında müqavilə imzalanıb.
FED.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Tərəflər arasında imzalanan müqavilə “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.
Müqavilə Qazaxıstanın "KMG Drilling & Services" şirkətinin baş direktoru Andar Şukputov və "Caspian Drilling Company Ltd" şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb.
İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.
“Sətti” üzən qazma qurğusunun modernləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək. Qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunarkən bu prosesdə qazaxıstanlı mütəxəssislər də iştirak edəcək və texniki dəstək göstərəcəklər.
Qeyd edək ki, cari ilin yanvarında Bakıda Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri anlaşma memorandumu imzalayıblar.