Azərbaycanda qızılın bütün əyar növləri üzrə qiymətlərdə artım qeydə alınıb.
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər"
FED.az xəbər verir ki, bunu "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, qlobal bazarlardakı bahalaşma Azərbaycan bazarında da özünü göstərib: "Hazırda yerli bazarda qızılın metal dəyəri təxminən belə formalaşır: "999,9 əyar qızıl: 1 qram - təxminən 250 manat, 750 əyar qızıl: 1 qram - təxminən 187 manat, 585 əyar qızıl: 1 qram - təxminən 146 manat.
Pərakəndə satış seqmentində (işlənmə və xidmət xərcləri nəzərə alınmaqla) qiymətlər daha yüksək intervalda formalaşır: 585 əyar zərgərlik məmulatları: təxminən 180–200 manat/qram, 750 əyar zərgərlik məmulatları: təxminən 210–250 manat/qram, 999,9 əyar sikkə və külçələr: təxminən 270–300 manat/qram".
R.Əmircanov vurğulayıb ki, yerli qiymətlərin formalaşmasında dünya bazarındakı unsiya qiyməti ilə yanaşı, təklif-tələb nisbəti, emal xərcləri və pərakəndə satış zəncirində yaranan əlavə xərclər də rol oynayır: "Bundan əlavə, zərgərlik məmulatlarının yekun qiymətinə işlənmə səviyyəsi, dizayn və brend amili də birbaşa təsir göstərir. Zərgərlik məmulatları üzrə tələbat ümumilikdə sabit qiymətləndirilir. Bahalaşma fonunda alıcı davranışında əsas dəyişiklik seçimlərin kiçik çəkili məmulatlara yönəlməsidir: iri çəkili qızıl məmulatlarının satışı nisbətən zəif qalır, brilyantlı dəstlərə maraq isə əsasən toy mövsümü ilə bağlı dövrlərdə artır. Bununla yanaşı, 999,9 əyar sikkə və külçə satışlarında artım müşahidə olunur, bu da qızılın yığım və alternativ dəyər saxlayıcısı kimi rolunun gücləndiyini göstərir".
Bununla yanaşı, o qeyd edib ki, qiymətli daşlar seqmentində fərqli dinamika izlənir: "Bazardakı qiymətləndirmələrə görə, brilyant və digər daşlar üzrə bir sıra kateqoriyalarda qiymətlər aşağı düşüb: 1 karat (1 ct): təxminən 10 % azalma, 3 karat (3 ct): qiymətlər sabit qalır, 0,01–0,30 karat: təxminən 20 % azalma, 0,30–0,50 karat: təxminən 25 % azalma. Bu dinamika təklifin artması, alıcı seçimlərinin dəyişməsi və bəzi kateqoriyalarda tələbin nisbətən zəifləməsi ilə izah olunur. Nəticədə daşlar seqmentində qiymətlər ölçü və kateqoriyadan asılı olaraq daha selektiv şəkildə formalaşır".
Sədr müavini sonda vurğulayıb ki, Azərbaycan bazarında əyarlara görə qiymət artımı müşahidə olunur, zərgərlik seqmentində tələbat sabit saxlanılır və alıcı seçimləri əsasən kiçik çəkili məmulatlara yönəlir. (Report)









