Azərbaycana gön-dəri aşılanması üçün isifadə edilən kimyəvi maddələrin idxal rüsumlarının yüksək olması yerli istehsalçıların daxili bazara məhsul çıxarmasına mane olur.
İsmayıl Orucov: “Fındıq ixracında əsas rəqabət Avropa bazarı daxilindədir” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Gön-dəri İstehsalçıları Assosiasiyasının sədri Kamil Əliyev deyib.
"Dəri və gön deyəndə müvafiq olaraq kiçik buynuzlu və iri buynuzlu heyvanların dərisi nəzərdə tutulur. Azərbaycanda xammal olaraq kifayət qədər gön-dəri var. Amma bu xammalın son məhsul halına gətirilməsi problemlidir. Çünki gön və dərini aşılamaq üçün istifadə olunan kimyəvi maddələr Azərbaycanda istehsal olunmur və ölkəyə Türkiyə, İran və Rusiyadan idxal edilir. Bunlar turşular, alt boyalar, üst boyalar və ümumilikdə 42 növ başqa digər maddələrdir. Bu maddələrin idxalı zamanı ödənilən gömrük ödənişləri çox yüksəkdir. Yəni onların idxalı zamanı 15 % gömrük rüsumu, 18 % ƏDV, laboratoriya və digər xidmətlər üçün 6 % xərc tələb edilir. Bu barədə dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmişik, amma problem həll edilməyib", - K. Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda gön əsasən ayaqqabı tikmək üçün istifadə edilir: "İrandan idxal edilən ayaqqabı dərisinin 1 kvadrat destimetrinə görə qiyməti bazarda 15 qəpik olduğu halda eyni malın bizim müəssisələrdə maya dəyəri 21 qəpik təşkil edir. Yəni yerli istehsalçı bazarda mal sata bilmir. Amma qeyd etdiyim kimyəvi maddələr üçün idxal vergiləri az olsa, özümüz son məhsula qədər hazırlaya bilərik"
Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycan gön-dəri məhsullarını ancaq yarımfabrikat formada xaricə satır:
“Türkiyə, Çin, Hindistana yarımfabrikat məhsul ixrac edirik. Hazırda ölkədə fəaliyyət göstərən 21 müəssisədən 19-u gön-dəri məmulatını ixrac edir. Onların hamısı yarımfabrikat halında dəri məhsulu hazırlayıb xaricə göndərir. Həmin ölkələr də o məhsuldan ayaqqabı istehsal edib yenidən bizə satırlar. Daxili bazara isə məhsul çıxara bilmirik. Məsələn, Türkiyə dəriçiləri rəngli geyim üçün hazırlanmış qoyun dərisininin (layka-zik) 1 kvadrat destimetrə görə qiymətini 12 sentə Rusiya bazarında təklif etdikləri halda bizim istehsalda 12 sent onun maya dəyərini təşkil edir. Bu, iqtisadi uyğunsuzluq gön-dəri sənayesinin inkişafında rəqabət prinsipini pozur və bununla da ölkəmizin xammal və ya yarımfabrikat bazarına dönməsinə gətirib çıxarıb. Bu prosesin qarşısının alınması yolunda ciddi addımlar atmaq lazımdır”.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan 574,5 min ABŞ dolları dəyərində 350,5 min ədəd qoyun və quzu dərisi ixrac edib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1 dəfə və 42,9 % azdır. Ötən il isə sözügedən məhsulların ixracı 2,78 milyon ABŞ dolları dəyərində 1 milyon 426,5 min (illik 2,4 dəfə az) ədəd olub. Ölkənin iribuynuzlu heyvan gönündən dəri ixracı bu ilin 6 ayında 3,731 milyon ABŞ dolları dəyərində 186,2 min ədəd (illik 37,6 % və 42,9 % az), ötən il isə 10,1 milyon ABŞ dolları dəyərində 531 min ədəd təşkil edib (illik ədəd ifadəsində 7,4 % az). (Report)