Dünyanın ən böyük maliyyə təşkilatlarından olan Asiya İnkişaf Bankı kritik minerallar üzrə təchizat zəncirlərinin yaradılması üçün yeni təşəbbüsə start verir.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Bankdan bildirilib, söhbət hazırda dünyada günəş enerjisi qurğularının və yüksək texnologiyalar üçün çiplərin istehsalında istifadə olunan nadir və mühüm əhəmiyyətli metalların hasilatı və istifadəsindən gedir. Bank bunun üçün yeni maliyyələşmə mexanizmini işə salıb.
Beləliklə, Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionundakı ölkələrə təmiz enerji, batareyalar, elektriklə işləyən avtomobillər və rəqəmsal texnologiyalar üçün zəruri olan kritik mineralların təchizat zəncirlərinin yaradılmasına dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmini işə saldığını elan edib.
«Kritik minerallar növbəti sənaye dövrünü formalaşdıracaq» – deyə AİB-in prezidenti Masato Kanda bankın 59-cu İllik Toplantısında bildirib, onun sözlərinə görə, «Asiya və Sakit okean regionu yalnız xammal mənbəyi olmaqla kifayətlənməməlidir. Region bu mineralların yarada biləcəyi iş yerləri, texnologiya və əlavə dəyər potensialından yararlanmalıdır».
Başqa sözlə, Asiya İnkişaf Bankının təşəbbüsünə əsasən, Asiya regionu təkcə belə metalları hasil etməklə kifayətlənməməli, həm də onunla bağlı təim istehsal zəncirini işə salaraq bu sahədən maksimum faydalanmalıdır.
«Bu təşəbbüs həm təcili ehtiyacı, həm də ədaləti ehtiva edir. Etibarlı təchizat zəncirlərini indi qurmaq lazımdır ki, inkişaf etməkdə olan üzv ölkələrimiz qabaqcıl istehsalda rəqabət apara və öz ölkələrində yeni imkanlar yarada bilsinlər» - deyə Asiya İnkişaf Bankının sədri bildirib.
«Kritik Minerallardan İstehsalata» adlanan maliyyələşmə tərəfdaşlıq mexanizminin məqsədi odur ki, Asiya regiona təkcə belə metalların hasilatı ilə məşğul olmasın, eyni zamanda buradan çıxarılan metallar emil edilsin, istehsal və təkrar emal kimi daha yüksək əlavə dəyərə malik sahələr yaradılsın. Yeni mexanizm də layihələrin hazırlanmasına, siyasət islahatlarının həyata keçirilməsinə və bu sahədəki dövlət investisiyaları və özəl maliyyələşmənin dəstəklənməsinə kömək olacaq.
Asiya İnkişaf Bankının bu sahə ilə bağlı təklif etdiyi mexanizm iki hissədən ibarətdir: qrant və katalitik maliyyə mexanizmi.
Qrantlar layihə üzrə ilkin işləri, o cümlədən texniki-iqtisadi əsaslandırmaları, ekoloji və sosial qiymətləndirmələri, texniki dəstək və bilik mübadiləsini maliyyələşdirəcək. Yaponiya hökuməti bu məqsədlə 20 milyon ABŞ dolları, Böyük Britaniya hökuməti isə 1,6 milyon ABŞ dolları ayıracağını bəyan edib.
Katalitik maliyyə mexanizmi isə digər maliyyə tərəfdaşları ilə əməkdaşlıq edərək birgə maliyyələşməyə və riskin bölüşdürülməsinə nail olmaq məqsədi güdür. Koreya İxrac-İdxal Bankı və Koreya Ticarət Sığortası Korporasiyası (K-SURE) mexanizmin ilk tərəfdaşları kimi hər biri 500 milyon ABŞ dolları dəyərində memorandum imzalayıb. Başqa sözlə, katalitik maliyyə mexanizmi kreditləşməni, yəni sözügedən sahəyə kreditlərin ayrılmasını nəzərdə tutur.
Bu mexanizm regionda kritik minerallardan istehsalata qədər olan etibarlı və dayanıqlı dəyər zəncirlərinin inkişafını dəstəkləyir. Artıq bu sahədə işlər başlayıb. Belə ki, hazırda AİB Hindistanda batareya istehsalı və təkrar emalı, Monqolustanda geoloji məlumatların xəritələşdirilməsi, Özbəkistanda süni intellektə əsaslanan metal istehsalı və dairəvi iqtisadi yanaşmaların tətbiqi, Qazaxıstanda kritik minerallara dair strategiyanın yaradılması, Filippində isə yol xəritəsi və tənzimləyici islahatlar üzrə layihələri dəstəkləyir.
Asiya İnkişaf Bankının bu layihəsi son illər sürətlə populyarlaşan və yeni neft adlanan kritik mineralların istehsalını bir layihədə cəmləşdirməkdir.
Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Onun, 50-si regiondan olmaqla ümumilikdə 69 üzvü var.













