16 fevral tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən ilin yekunlarına həsr olunan mətbuat konfransın keçirilib. Konfransda işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib.
FED.az xəbər verir ki, nu barədə məlumatı Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
İndiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
O qeyd edib ki, bu il Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) fəaliyyətə başlaması planlaşdırılır.
Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.
Bugünədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu il Sənaye Parkında bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır.
Bugünədək rezidentlər tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb.
Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır.