Sahibkarlar Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 118 milyon manatdan çox investisiya yatırıb və 500-ə yaxın daimi iş yeri yaradıblar.
İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, artıq sənaye parklarında bir sıra müəssisələr fəaliyyətə başlayıb: "Ağdam Sənaye Parkında 9, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə bir müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqlar, elektrik yuvaları, beton yarımstansiyalar, dam və fasad örtükləri, havalandırma və yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabılar, avtomatlaşdırma və telemexanika sistemləri, beton istehsalı ilə məşğuldur. Həmçinin, kənd təsərrüfatı texnikası və ağır yük maşınları üçün texniki servis xidmətləri göstərilir. Bu müəssisələrdə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində və daxili bazarda istifadə olunur", - E. Kazımov qeyd edib.
O əlavə edib ki, növbəti il üçün Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında bir sıra yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır: "Bunlar arasında dekorativ daşlar, dezinfeksiyaedici və yuyucu vasitələr, sement, mina təmizləyən avadanlıqlar, tütün məmulatları, sintetik xalçalar, metal profillər, anbar stellajları və digər inşaat materiallarının istehsalı üzrə müəssisələr var".
Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən Cəbrayıl rayonunda yaradılıb. (Report)